Küçədən heyvan sahiblənənlərə vacib xəbərdarlıq

Küçə heyvanları ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklərdən sonra sığınacaqlardan və küçədən heyvan sahiblənənlərin sayı artıb. Mütəxəssislər isə bu prosesdə heyvanların evə aparılmazdan əvvəl mütləq baytar həkimi tərəfindən müayinədən keçirilməsinin vacibliyini bildirirlər.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baytar həkim Tuğçe Kara “Satın alma, sahiblən” çağırışının hər zaman dəstəkləndiyini vurğulayıb. Onun sözlərinə görə, sığınacaqlardakı yetkin heyvanlar adətən sterilizasiya olunur, ilkin peyvəndləri vurulur və mikroçiplə qeydiyyata alınır. Sahiblənmə zamanı mikroçip yeni sahibin adına rəsmiləşdirilir, sonrakı peyvənd və müalicə prosesi isə istənilən baytarlıq klinikasında davam etdirilə bilər.
Kara bildirib ki, küçədən birbaşa götürülən və mikroçipi olmayan heyvanlar üçün isə əvvəlcə mikroçiplənmə, ümumi sağlamlıq müayinəsi və peyvənd proqramı həyata keçirilməlidir. Bundan əlavə, insanlara keçə bilən parazit və digər infeksiyaların olub-olmaması da yoxlanılmalıdır.
Mütəxəssis vurğulayıb ki, heyvanı evə aparmazdan əvvəl etibar olunan baytarlıq klinikasında ilkin müayinədən keçirmək həm heyvanın sağlamlığı, həm də ailə üzvlərinin təhlükəsizliyi baxımından ən düzgün addımdır.
Mənsumə
