“Honor”-un yeni qatlanan telefonu təqdimata hazırlaşır

Çinin texnologiya nəhəngi “Honor” yeni qatlana bilən smartfonu üzərində işini sürətlə davam etdirir. Şirkətin təqdim etməyə hazırlaşdığı model güclü texniki göstəriciləri, iri batareyası və müasir dizaynı ilə bazarda rəqabəti daha da artırmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, sənayedə etibarlı məlumat sızdıran mənbələrdən biri hesab olunan “Digital Chat Station” yeni modelin əsas texniki xüsusiyyətlərini açıqlayıb. Məlumata görə, kitab formasında qatlanan dizayna malik cihazın hazırlanması son mərhələyə çatıb.
Sızdırılan məlumatlara əsasən, yeni model “Apple” və “Samsung”-un flaqman qatlanan smartfonlarına rəqib olmaq üçün hazırlanır. Cihazın hələ rəsmi olaraq təqdim edilməmiş, 2 nanometrlik istehsal prosesi ilə hazırlanan Snapdragon 8 Elite Gen 6 prosessoru ilə təchiz ediləcəyi bildirilir.
Telefonun 7,6 düymlük əsas, 5,5 düymlük isə xarici ekranla gələcəyi gözlənilir. Kamera sistemində isə 200 meqapiksellik əsas sensor və üfüqi kamera modulunda yerləşdirilmiş periskop telefoto obyektivinin yer alacağı qeyd olunur.
Modelin ən diqqətçəkən xüsusiyyəti isə batareyası olacaq. Məlumata görə, “Honor”-un yeni qatlanan smartfonu 7000 mAh-dan böyük batareya ilə təchiz ediləcək. Bu göstərici onu öz seqmentində ən böyük batareyaya malik qatlana bilən telefonlardan birinə çevirə bilər. Beləliklə, istifadəçilərin bu kateqoriyalı cihazlarda tez-tez üzləşdiyi enerji ehtiyatı problemi də xeyli dərəcədə aradan qalxa bilər.
Qiymətə gəlincə, yeni modelin Çində təxminən 9 999 yuan (təxminən 2 360 manat) qiymət etiketi ilə satışa çıxarılacağı gözlənilir.
Qeyd edək ki, “Honor” hələlik yeni qatlana bilən smartfonunun təqdimat tarixi və texniki xüsusiyyətləri ilə bağlı rəsmi açıqlama verməyib.
Mənsumə
