İkinci əl aldıqları qarderobdan gözlənilməz sərvət çıxdı

İkinci əl əşyalar mağazasından aldıqları köhnə qarderobu təmizləyən ailə gözlənilməz tapıntı ilə qarşılaşıb. Mebelin gizli bölməsində 600 ABŞ dolları nağd pul və nadir qızıl sikkə aşkar edilməsi qısa zamanda sosial mediada böyük marağa səbəb olub.
Sfera.az xəbər verir ki, ailə evləri üçün aldıqları köhnə qarderobu bərpa edərkən çekmecələrin arxasında gizli bölmə aşkar edib. Bölməni açdıqda isə içəridə diqqətlə gizlədilmiş pul bağlamaları və qızıl sikkə ilə qarşılaşıblar.
Məlumata görə, iki taxta lövhə arasında saxlanılan əskinasların ümumi məbləği 600 ABŞ dolları olub. Sonradan aparılan araşdırma nəticəsində əskinasların 1950 və 1960-cı illərə aid olduğu müəyyən edilib.
Qarderobun içərisində həmçinin üzərində Uzaq Şərq motivləri və əjdaha təsviri olan qızıl sikkə də tapılıb. Kolleksiyaçılar bildirirlər ki, xüsusilə yaxşı vəziyyətdə qorunub saxlanılan 1950-ci illərə aid əskinaslar nominal dəyərindən qat-qat yüksək qiymətə alıcı tapa bilər.
İqtisadçıların hesablamalarına əsasən, 1960-cı illərdəki 600 ABŞ dollarının alıcılıq qabiliyyəti bu gün təxminən 6 min ABŞ dollarına bərabərdir. Bu isə hazırkı məzənnə ilə təxminən 10 min 200 manat təşkil edir.
Tapıntının dəqiq mənşəyi və qarderobun əvvəlki sahibinin kimliyi isə hələlik məlum deyil. Hadisə sosial şəbəkələrdə böyük maraq doğurub və minlərlə istifadəçi tərəfindən müzakirə edilir.
Mənsumə
