İran: ABŞ hücumlarını dəstəkləyən hər bir mənbə hədəfə alınacaq

İran Silahlı Qüvvələrinin əməliyyatlarına rəhbərlik edən Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bəyan edib ki, ABŞ-ın İranın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hücumlara hər hansı formada dəstək verən bütün mənbələr Silahlı Qüvvələr tərəfindən qanuni hədəf hesab olunacaq.
Sfera.az xəbər verir ki, bəyanat İran dövlət televiziyası vasitəsilə yayımlanıb.
Bəyanatda deyilir: “ABŞ ordusunun İranın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzkar hərəkətlərinə göstərilən istənilən dəstək Silahlı Qüvvələr tərəfindən qanuni hədəf kimi qiymətləndiriləcək”.
Bu arada ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hücumlarına cavab olaraq boğazın yaxınlığında yerləşən 80-dən çox hərbi hədəfə zərbələr endirilib.
Digər tərəfdən, Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın ölkənin cənubunda gecə saatlarında həyata keçirdiyi hücumlara cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Məlumatların tərəflərin rəsmi açıqlamalarına əsaslandığı, döyüş əməliyyatları ilə bağlı iddiaların isə müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənmədiyi bildirilir.
Mənsumə
