Özünü həkim kimi təqdim edən Trampdan diqqətçəkən paylaşım

ABŞ Prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanmış videoda özünü həkim obrazında təqdim edərək, onun siyasəti ilə razılaşmayan şəxslərə “saxta xəbərləri söndürməyi”, dua etməyi və pəhriz kolası içməyi tövsiyə edib.
Sfera.az xəbər verir ki, Tramp sözügedən videonu sosial media hesabında paylaşıb. Videoda həkim geyimində görünən Tramp ona qarşı yönələn tənqidləri təsvir etmək üçün istifadə etdiyi “Tramp Obsesyon Sindromu” adlı anlayışın müalicə üsulunu təqdim etdiyini iddia edir.
Daha sonra videoda əvvəllər Trampın siyasətini tənqid edən bir sıra məşhurların süni intellektlə yaradılmış görüntüləri yer alır. Robert De Niro, Edvard Norton, Culiya Roberts və Vupi Qoldberqin süni intellektlə hazırlanmış təqlidlərində onların guya Trampın müalicə planından istifadə etdikdən sonra “sağaldıqları” göstərilir. Videonun sonunda yenidən ekrana çıxan “dr. Tramp” belə deyir:
“Müalicə sadədir: saxta xəbərləri söndürün, dua edin və əgər özünüzü narahat hiss edirsinizsə, mənim kimi pəhriz kolası için. Həyatınızda inanılmaz dəyişiklik görəcəksiniz”.
Qeyd edək ki, videoda yer alan görüntülər və məşhurların çıxışları süni intellekt vasitəsilə hazırlanıb və satirik xarakter daşıyır.
Mənsumə
