Moldovanın Baş naziri istefa verdi

Moldovanın Baş naziri Aleksandr Muntyanu istefa verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Muntyanu bildirib ki, baş nazir vəzifəsini böyük məsuliyyət hissi və ölkədə müsbət dəyişikliklərə töhfə vermək inamı ilə qəbul edib. Lakin artıq öz prinsip və dəyərlərinə uyğun şəkildə fəaliyyət göstərə bilmədiyini anlayaraq vəzifəsini tərk etmək qərarına gəlib.
“Bu gün Baş nazir kimi səlahiyyətlərimi başa vururam. Bu vəzifəni böyük məsuliyyətlə qəbul etmişdim və ölkədə müsbət dəyişikliklərə töhfə verəcəyimə inanırdım. Lakin mandatımı artıq prinsiplərimə və inanclarıma uyğun şəkildə icra edə bilmədiyimi başa düşdüyüm anda istefa verməyi seçdim”, - deyə o qeyd edib.
Qeyd edək ki, Moldova son illər qaz və elektrik enerjisinin bahalaşması fonunda ciddi iqtisadi çətinliklərlə üzləşib. Bu vəziyyət ölkədə vaxtaşırı etiraz aksiyalarına səbəb olur. Müxalifət yaranmış böhrana görə məsuliyyəti Qərbyönlü hökumətin üzərinə qoyur və onu Rusiya ilə qarşıdurma siyasəti yürütməkdə ittiham edir.
Xatırladaq ki, 2023-cü ildə iqtisadi böhran fonunda sabiq Baş nazir Natalia Qavrilitsa istefa vermişdi. Onun yerinə hökumətə rəhbərlik edən Dorin Reçan isə 2025-ci ilin sentyabrında keçirilən parlament seçkilərindən sonra yeni hökumətə rəhbərlik etməkdən imtina edib. Seçkilərdə yenidən hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəldikdən sonra baş nazir postuna biznesmen Aleksandr Muntyanu təyin olunub.
Bəsti Rəfizadə
