Paşinyan Avropa İttifaqı ilə bağlı hədəflərini açıqladı

Paşinyan Avropa İttifaqı ilə bağlı hədəflərini açıqladı
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin qarşısında duran ilk strateji vəzifənin Avropa İttifaqı (Aİ) standartlarına tam, səmimi və hərtərəfli uyğunlaşmaq olduğunu bildirib. O qeyd edib ki, Aİ-yə tam üzvlük məsələsi yalnız bundan sonra gündəmə gələ bilər.

Sfera.az xəbər verir ki, baş nazir vurğulayıb ki, Avropa Komissiyası Ermənistan məhsullarına münasibətdə muxtar ticarət tədbirlərinin tətbiqi ilə bağlı layihəni Aİ-yə üzv ölkələrə təqdim edib.

Onun sözlərinə görə, qərar tam qüvvəyə mindikdən sonra Ermənistan Aİ ilə azad ticarət sazişi olmayan ölkələr arasında bu mexanizmdən yararlanan ilk dövlət olacaq.

Paşinyan 2013-cü ildə Ermənistanın Aİ ilə Assosiasiya Sazişini imzalamaqdan imtina edərək Avrasiya İqtisadi İttifaqı istiqamətində qərar verməsinin təkrarlanacağını istisna edib.

“Ermənistan xalqı dövlətin balanslaşdırılmış xarici siyasət kursunu açıq şəkildə dəstəkləyir. Buna görə də həmin ssenarinin yenidən baş verməsi mümkün deyil”, - deyə o bildirib.

Rusiya ilə münasibətlərə də toxunan Paşinyan qeyd edib ki, İrəvanın heç vaxt Ermənistan-Rusiya əlaqələrində böhran yaratmaq məqsədi olmayıb və gələcəkdə də belə niyyəti yoxdur.

“Biz yalnız Ermənistanın milli maraqları əsasında hərəkət edirik. Beynəlxalq tərəfdaşlarımızın maraqlarını nəzərə alırıq, lakin heç bir ölkənin maraqları Ermənistanın maraqlarından üstün tutula bilməz”, - deyə Baş nazir vurğulayıb.

Paşinyan bildirib ki, ölkəsinin əsas strateji məqsədi Aİ standartlarına tam uyğunlaşmaqdır.

“İlk strateji vəzifəmiz Aİ standartlarına tam, səmimi və qüsursuz şəkildə uyğunlaşmaqdır. Tam üzvlük məsələsi yalnız bundan sonra müzakirə oluna bilər”, - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, Ermənistanın Aİ-yə üzv olub-olmamasından asılı olmayaraq, bu standartlara uyğunlaşmaq ölkə üçün böyük qazanc olacaq.

“Əgər Aİ-yə üzv olsaq, bu böyük uğur olacaq. Yox, əgər Aİ gələcəkdə genişlənməmək qərarı versə belə, yenə də qalib gələcəyik. Çünki Aİ meyarlarına tam cavab verən bir ölkəyə çevriləcəyik. Biz bunu Aİ üçün deyil, Ermənistan vətəndaşları üçün edirik”, - deyə Paşinyan bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ