İmamoğlunun məhkəməsində insident - Zaldan çıxarıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlunun məhkəməsində insident baş verib. Məhkəmədə İmamoğlu ilə sədr arasında yaranan mübahisədən sonra onun məhkəmə zalından çıxarılmasına qərar verilib.
Sfera.az xəbər verir ki, iclas zamanı tərəflər arasında müdafiə çıxışlarının hansı ardıcıllıqla dinləniləcəyi ilə bağlı fikir ayrılığı yaranıb.
İclasın əvvəlində çıxış edən İmamoğlu bildirib ki, iş ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır və müdafiələrin sağlam şəkildə başa çatdırılması üçün mövcud qrafik kifayət etmir. O qeyd edib ki, bəzi təqsirləndirilən şəxslərin müdafiəsi hələ tamamlanmayıb və öz müdafiəsini onların ifadələrindən sonra vermək istəyir.
İmamoğlu həmçinin vurğulayıb ki, hazırkı proqramla iyulun 9-dək bütün müdafiələrin başa çatdırılması mümkün görünmür.
Məhkəmə sədri isə heyətin məsələni qiymətləndirdiyini bildirərək müdafiə ardıcıllığında dəyişiklik edilməyəcəyini və əvvəlcədən müəyyən olunmuş qrafikin tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, müdafiələr planlaşdırılan ardıcıllıqla dinləniləcək, çatdırılmayan hissələr isə növbəti iclasa saxlanılacaq.
Bundan sonra yenidən söz alan İmamoğlu ittiham aktında cinayət təşkilatının rəhbəri kimi göstərildiyini xatırladaraq, digər təqsirləndirilən şəxslərin müdafiələri tamamlandıqdan sonra çıxış etməsinin prosessual baxımdan daha düzgün olacağını bildirib.
Məhkəmə sədri isə müdafiə ardıcıllığının mövcud plana uyğun davam etdiriləcəyini deyib. Tərəflər arasında mübahisənin uzanması nəticəsində məhkəmə zalında gərginlik yaranıb.
Bunun ardından məhkəmə sədri Türkiyə Cinayət Prosessual Məcəlləsinin 203-cü maddəsi əsasında İmamoğlunun məhkəmə zalından çıxarılmasına qərar verib. Təhlükəsizlik əməkdaşları qərarı icra etdikdən sonra məhkəmə iclasında fasilə elan olunub.
Bəsti Rəfizadə
