Əli Xameneinin dəfn mərasimi ilə bağlı hazırlıqlar davam edir

İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi ilə bağlı hazırlıq işləri davam etdirilir. Mərasimin iyulun 4-də Tehranda başlayacağı gözlənilir.
Sfera.az xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hava zərbələri zamanı bir sıra yüksək vəzifəli iranlı şəxslər hədəfə alınıb. Xameneinin də həmin hücumlar zamanı öldürüldüyü iddia olunur.
Dəfn mərasiminin proqramı iyunun 13-də açıqlanıb. Məlumata görə, ilk vida mərasimi iyulun 4-5-də Tehrandakı İmam Xomeyni adına Musalla məscidində keçiriləcək.

Hazırda paytaxtda mərasimə hazırlıq işləri sürətlə davam edir. Musalla məscidinin həyətində Xameneinin və eyni hücum nəticəsində həyatını itirən digər şəxslərin tabutlarının yerləşdirilməsi üçün xüsusi platforma hazırlanıb. Ərazi beton bloklarla əhatəyə alınıb, giriş-çıxışa isə məhdudiyyətlər tətbiq edilib.

İştirakçıların isti hava şəraitində rahatlığını təmin etmək məqsədilə məscidin həyətində soyutma sistemləri də quraşdırılıb.Mərasim ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə çoxsaylı texnikaların və kranların fəaliyyəti müşahidə olunur.
Bildirilib ki, iyulun 3-də dövlət rəhbərlərinin, yüksək vəzifəli şəxslərin və dini liderlərin iştirakı ilə Xameneinin xatirəsinə beynəlxalq səviyyəli rəsmi anım mərasimi keçiriləcək.

İyulun 4-də səhər saat 06:00-da isə İmam Xomeyni adına Musalla məscidində ictimaiyyətin iştirakı ilə bir dəqiqəlik sükut elan ediləcəyi, daha sonra dəfn mərasiminə başlanacağı gözlənilir.
Xameneinin son vida mərasimi və dəfn mərasiminin iyulun 9-da Məşhəd şəhərində keçiriləcəyi bildirilib.
Mənsumə
