ABŞ və İran nümayəndələri Dohada danışıqlara başladı

Qətərin vasitəçiliyi ilə ABŞ və İran nümayəndə heyətləri arasında Dohada dolayısı ilə danışıqlar başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Amerika nümayəndə heyəti artıq Qətər təmsilçiləri ilə məsləhətləşmələrə başlayıb.
"Reuters" agentliyi isə yüksək rütbəli iranlı rəsmiyə istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasında Doha layihəsi çərçivəsindəki dolayısı təmaslar çərşənbə axşamı axşam saatlarından bəri davam edir. Mənbənin sözlərinə görə, İran tərəfi Qətər və Pakistan nümayəndələri ilə görüşlər keçirib, onlarsa öz növbəsində əldə olunan məlumatları ABŞ nümayəndə heyətinə ötürüblər.
Mənbə dəqiqləşdirib ki, çərşənbə günü də davam edən dolayısı danışıqların əsas mövzusu "İranın dondurulmuş aktivləri və Hörmüz boğazı" olub.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Amerika tərəfi ilə görüşmək barədə müraciət etdiyini bildirib. Vaşinqtonu bu məsləhətləşmələrdə prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Kared Kuşner təmsil edir.
Bununla belə, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Dohada ABŞ və İran nümayəndə heyətləri arasında hər hansı birbaşa danışıqların keçirilməsi planlaşdırılmayıb.
Bəsti Rəfizadə
