Dostluq jestinə dronla cavab: "Bunun adekvat cavabı olmalıdır"

Yaxın Şərqdə baş verən müharibə və İranın hücumlara verdiyi cavab qonşularını narahat edir. İran qonşu olduğu bir neçə ölkəyə müxtəlif bəhanələrlə PUA və raket zərbələri endirib. Son iki gündə bu ölkələrin sırasına Türkiyə və Azərbaycan da daxil olub. Dünən İran Türkiyəyə ballistik raket atıb, bu gün isə Naxçıvan ərazisinə PUA zərbəsi endirib.
İranın bu cür davranışı regionda təhlükəsizlik vəziyyətini risk altına atır. Əsas sual isə budur: İran regionu daha böyük müharibəyə sürükləmək üçün Azərbaycan və Türkiyəni qəsdən hədəfə alıb? Türkiyənin ardından Naxçıvanın da vurulmasını təsadüfi hesab etmək olarmı?
Sfera.az-a İranın hücumları ilə bağlı açıqlama verən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Amerika və İsrailin birgə hücumundan sonra İranın ABŞ-nin bazaları olan ölkələri vurması, ümumiyyətlə digər qonşu ölkələrə raket zərbələri endirməsi müxtəlif cür analiz olunmalıdır:
“İranın Körfəz ölkələrini vurmasını müəyyən mənada başa düşmək olar. Həmin ölkələrin hamısında ABŞ-nin hərbi bazası var və İran həmin bazaları vurmağa cəhd etdiyini iddia edə bilər. Amma Türkiyə öz ərazilərinin İran əleyhinə istifadə olunmasına icazə verməyib. Belə dövlətlərin vurulması isə təbii ki, İranın özünün ziyanına olar".
T.Abbaslı Naxçıvana olan hücumun isə anlaşılmaz olduğunu qeyd edib:
"Muxtar respublikanın hava limanına dron hücumu olub. Bunun motivi, səbəbi anlaşılmır. Çünki bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Azərbaycan dövlətinə mövqeyinə görə təşəkkür etmişdi. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti dünən İran səfirini şəxsən qəbul edərək, liderin öldürülməsi ilə bağlı başsağlığı verdi və həmrəyliyini nümayiş etdirdi. Bundan sonra belə bir addımın atılması anlaşılan deyil. Mən düşünürəm ki, bununla bağlı dəqiq analiz aparılmalıdır. Bu dron hücumu kimlərin sifarişi ilə olub, kimlər tərəfindən təşkil edilib və hansı məqsədlə həyata keçirilib? Çünki əgər bunu İran dövləti edibsə, onda sual yaranır: niyə bir neçə gün əvvəl Azərbaycana təşəkkür edilir? Mümkündür ki, İranda hansısa qüvvələr müharibənin genişlənməsi və daha böyük əhatə alması üçün belə addımlar ata bilər”.

T.Abbaslı əlavə edib ki, hazırda İranda siyasi və hərbi düşərgədə xaos var:
"Xaos olduğunu nəzərə alsaq, bunu hansı qüvvələrin etdiyini və hansı məqsədlə həyata keçirdiyini müəyyən etdikdən sonra dəqiq reaksiya vermək olar. Amma istənilən halda Azərbaycan ərazilərinin vurulması qəbuledilməzdir. Əgər bu cür əməl təkrar baş verərsə, Azərbaycan müdafiə hüququndan istifadə etməlidir".
Milli Məclisin deputatı Fazil Mustafa isə Sfera.az saytına açıqlamasında söyləyib ki, müharibədə İranın bütövlükdə qonşu dövlətlərə yönəlik strategiyasının nə qədər vahiməli olduğunu görmüş oluruq:
“Özünə dost və ya neytral olan qonşu dövlətlərə atılan raketlər və göndərilən dronlar həmin ölkələrdə də hüzuru, sükunəti pozdu və böyük xəsarətlərə yol açdı. İndi isə İran bu arealı genişləndirərək özünə qonşu və bu proseslərdə bəlkə də ən çox loyallıq nümayiş etdirən Azərbaycanı da hədəfə aldı. Bunu da məhz o vaxt etdi ki, Azərbaycan Prezidenti bir gün əvvəl İran səfirliyini ziyarət etmiş, İranın yaşadığı faciələrlə bağlı başsağlığı vermişdi".
Deputat əlavə edib ki, bu, Azərbaycanın dostluq və humanizm jesti idi:
“Lakin İran bir gün keçməmiş bunun cavabını düşmənçiliklə verdi. Bu isə İran üçün ciddi nəticələr doğura biləcək bir addımdır. Çünki Azərbaycan tək deyil, onun müttəfiqləri var və yəqin ki, bu addıma adekvat cavab veriləcək. Eyni zamanda, bu davranış İranda yaşayan çoxsaylı azərbaycanlıların iradəsinə də uyğun deyil və onların da kəskin etirazına səbəb ola bilər. Onsuz da müxtəlif təzyiqlərlə üzləşən bir ölkənin özü ilə qonşu və müəyyən dərəcədə qohumluq bağları olan bir dövlətə qarşı bu qədər sərt və məsuliyyətsiz davranması qəbuledilməzdir. Ona görə də İran dövlətinin atdığı bu addım kifayət qədər ciddi və narahatedici addımdır və Azərbaycan buna qarşı adekvat tədbirlər görməlidir".

F.Mustafa deyib ki, belə günlərdə dünyada yaşayan azərbaycanlıların həmrəyliyi də önəmlidir:
"Hər kəs Azərbaycanı gözləyən təhlükə qarşısında birləşməlidir. Eyni zamanda, İran daxilində yaşayan azərbaycanlılar da özlərini bağlı hiss etdikləri müstəqil Azərbaycan dövlətinə dəstək göstərməli, öz mövqelərini ortaya qoymalıdırlar. Çünki təhlükə azərbaycanlılara qarşı indiyə qədər davam edən təzyiqlərin başqa formada təzahürüdür. Biz İranın hakim dairələrinin atdığı bu addımı qınayırıq və hesab edirik ki, bu, dostcasına olmayan, açıq düşmənçilik addımıdır. İrandan gələcək açıqlamalardan sonra məsələyə daha da aydınlıq gələcək. Bunu səhv və ya anlaşılmazlıq kimi qiymətləndirmək də doğru olmaz, çünki belə səhvlər bağışlanmır”.
Fidan Hacızadə
Sfera.az
