"Yaxın saatlarda başlayacaq" – Rubiodan İrana hədə-qorxu

"Yaxın saatlarda başlayacaq" – Rubiodan İrana hədə-qorxu
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Amerika ordusunun yaxın vaxtlarda İrana zərbələrinin intensivliyi əhəmiyyətli dərəcədə artacaq. "Bu zərbələrin miqyasında və intensivliyində dəyişiklik görməyə başlayacaqsınız", – deyə Rubio bildirib. O əlavə edib ki, dəyişikliklər yaxın saatlarda və günlərdə baş verəcək.


Bəs indiki əməliyyatların formasından fərqli hansı metodlar tətbiq edilə bilər? Sadəcə zərbələrin intensivliyi artacaq, yoxsa əlavə metodlardan istifadə olunacaq?

 

Politoloq Rəşad Bayramov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında söyləyib ki, əgər Marko Rubionun İranla bağlı səsləndirdiyi açıqlama rəsmi siyasət xəttini əks etdirirsə, bu, təkcə zərbələrin sayının artması deyil, əməliyyat konsepsiyasında mərhələli dəyişiklik ehtimalını da gündəmə gətirir.

 

Politoloqun sözlərinə əsasən, ABŞ ilə İran arasında mümkün hərbi eskalasiya ssenariləri bir neçə istiqamətdə inkişaf edə bilər:


“Hazırkı əməliyyat formasına baxdıqda görürük ki, bu, məhdud və hədəfli zərbələrdən – pilotsuz uçuş aparatları (PUA), uzaqmənzilli raketlər və ya regiondakı bazalardan həyata keçirilən aviasiya hücumlarından ibarətdir. Bu tip əməliyyatlar əsasən konkret hərbi obyektləri, silah anbarlarını və ya proksi qüvvələrin infrastrukturunu hədəf alır. Əgər Rubio indi intensivlikdə dəyişikliklərdən danışırsa, bu, bir neçə istiqamətdə transformasiya demək ola bilər.
Əvvəla, coğrafi genişlənmə ssenarisi mümkündür. Yəni zərbələr yalnız müəyyən obyektlərlə məhdudlaşmayıb, İran ərazisinin daha dərin və strateji nöqtələrini əhatə edə bilər. Bu halda hava hücumlarının ardıcıllığı və paralel hədəflərin sayı artar. Belə halda məqsəd strateji təzyiq yaratmaqla İranın qərarvermə mexanizmini sarsıtmaqdan ibarət olacaq. Eyni zamanda əməliyyat formatında da texnoloji və metodoloji dəyişikliklər mümkündür. Bu, yalnız fiziki zərbələrin artması deyil, kiber əməliyyatların, elektron müharibə vasitələrinin və informasiya infrastrukturuna müdaxilənin paralel tətbiqi anlamına gələ bilər”.

 


R.Bayramov qeyd edib ki, müasir müharibə modelində enerji şəbəkələri, rabitə sistemləri və hərbi komanda-nəzarət infrastrukturu prioritet hədəflərə çevrilir:


“Nəhayət, Rubionun dedikləri əməliyyatların hüquqi və siyasi çərçivəsində də dəyişiklikləri ehtiva edə bilər. Əgər indiyə qədər hücumlar ‘məhdud tədbirlər’ kimi təqdim olunurdusa, intensivliyin artması artıq ‘cəza və ya çəkindirmə doktrinası’na keçidi göstərə bilər. Bu halda məqsəd sadəcə cavab vermək deyil, gələcək fəaliyyətləri önləmək üçün daha sərt siqnal göndərmək olacaq.
Burada eskalasiyanın nə dərəcədə nəzarət olunan olacağı da suallar doğurur. İranın cavab zərbələri münaqişənin regional miqyasda böyüməsinə səbəb ola və xüsusilə Fars körfəzi, İraq və ya digər ərazilərdəki qüvvələr risk altına düşə bilər. Əlavə metodların tətbiqi isə artıq əməliyyat fəlsəfəsinin dəyişməsi deməkdir və bu, daha dərin regional qarşıdurma riskini artırar”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ