"ABŞ-nin quru əməliyyatı istisna deyil" - Politoloq

"ABŞ-nin quru əməliyyatı istisna deyil" - Politoloq
Kateqoriya məlum deyil
T

Artıq 4 gündür davam edən müharibədə İran ABŞ-yə, İsrailə və Körfəz ölkələrinə ciddi zərbələr endirib. Qarşı tərəf texnika və hərbçi itkiləri verib. Bəzi müşahidəçilər hesab edirlər ki, İranın gücünü zəiflətmək üçün yalnız hava hücumları kifayət etmir, quru əməliyyatlarına da ehtiyac ola bilər. Lakin belə əməliyyatlar regionda daha böyük qarşıdurmaya səbəb ola bilər.

 

Siyasi şərhçi Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin quru əməliyyatı ilə bağlı konkret qərarı yoxdur, amma bu istisna edilmir.

 

Onun sözlərinə görə, İranın hava məkanı tam nəzarətə götürüldükdən sonra bombardmanlar daha da intensivləşəcək və İranın müqavimət gücü azalacaq:

 

"Hazırda İran ABŞ-in regiondakı bazalarına, İsrailə və Körfəz ölkələrinin iqtisadi obyektlərinə, xüsusilə neft zavodlarına zərbələr endirir. Buna görə də ilk növbədə İranın raket mərkəzləri və yeraltı anbarları məhv edilməlidir. İranın təxminən 5 min ballistik və qanadlı raketi olduğu bildirilir. Bu güc zərərsizləşdirilmədən İranın cavab verməsinin qarşısını almaq mümkün olmayacaq".

 

N.Miri qeyd edib ki, birinci mərhələ artıq başa çatıb, çünki hava məkanının 90 faizi ABŞ və İsrailin nəzarətindədir:

 

 

"Bundan sonra bombardmanların daha da artacağı gözlənilir. Əgər məqsəd İran rejiminin devrilməsidirsə, müəyyən mərhələdə quru əməliyyatları qaçılmaz ola bilər. Lakin burada təhlükəli məqamlar var: İsrail kürd silahlılarından istifadə etməyi planlaşdırır. PKK-nın İran qolu PJAK daxil olmaqla 5 kürd təşkilatı birlik yaradıb və təxminən 100 min silahlının döyüşə qoşula biləcəyi iddia olunur. Bu prosesin arxasında İsrailin maraqları dayanır. Məqsəd İranın bəzi ərazilərini kürdlərin nəzarətinə keçirmək və Türkiyə ilə Güney Azərbaycan türkləri arasında əlaqəni kəsməkdir. Bu isə həmin bölgədə yaşayan türklərin kütləvi qırğınlarına səbəb ola bilər".

 

Şərhçiyə görə, Türkiyə və Azərbaycan bu ssenarilərə hazır olmalı, İran rejimi zəiflədiyi halda müdaxilə imkanlarını nəzərdən keçirməlidir:

 

"ABŞ-nin bölgədə 50 min əsgəri, İsrailin isə 70 min ehtiyat qüvvəsi var. Lakin İranın böyük ərazisini nəzərə alsaq, bu say kifayət etmir. Ən azı 500 minlik orduya ehtiyac olduğu vurğulanır. Hazırda ABŞ lokal quru əməliyyatlarına yol açmaq üçün intensiv bombardmanlarla strateji obyektləri zəiflətməyə çalışır. Hədəfdə nüvə mərkəzləri, raket istehsal edən müəssisələr və anbarlar dayanır. Bu hücumlar İranda xaos yaradacaq ki, bu da İsrailin əsas məqsədlərindən biridir".

 

Politoloq əlavə edib ki, əgər söhbət rejim dəyişikliyindən gedirsə, Cənubi Azərbaycan türklərinin və digər türk etnoslarının iştirakı olmadan sabit hakimiyyət qurmaq mümkün olmayacaq.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ