Müharibə aylarla davam edəcək ? - PROQNOZ

Müharibə aylarla davam edəcək ? - PROQNOZ
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın növbəti mərhələsi Tehran üçün daha ağır nəticələr doğuracaq. O qeyd edib ki, taktiki səylərin detalları açıqlanmayacaq. Lakin ABŞ silahlı qüvvələrinin ən ciddi zərbələrinin hələ endirilmədiyini vurğulayıb. Rubio əlavə edib ki, əməliyyatın növbəti mərhələsi İran üçün indiki mərhələdən daha sərt olacaq.


Rubionun bəhs etdiyi taktiki səylər necə ola bilər? 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, ABŞ Dövlət katibi Marko Rubionun açıqlaması, ABŞ Prezidenti Donald Trampın ondan öncə verdiyi açıqlamanın təkrarıdır:

 

“Əlbəttə ki, ABŞ çox güclü dövlətdir və onun ordusu İrana qarşı hərbi əməliyyatlarda daha geniş və təsirli zərbələr endirmək imkanına malikdir. Bu da onu göstərir ki, ABŞ hələ Rubionun açıqlamasında qeyd olunduğu kimi, hələ “ən güclü zərbələri” endirməyib. Yəni hərbi əməliyyatların növbəti mərhələsinin indikindən daha sərt və ağır olacağı aydındır. Hesab etmək olar ki, müharibənin gedişatı və indiki mərhələnin nəticələri Rubionun açıqlamasında qeyd olunan növbəti mərhələyə keçmək üçün səbəblərdən biri olmalıdır. Bu səbəblər İranın əks-hücumları ilə bağlıdır. Hazırda İranın Yaxın Şərqdə ABŞ-nin hərbi bazalarına, dəniz donanmasına, diplomatik korpuslarına və İsrailin ərazilərinə hücumları ABŞ-nin müharibə ilə bağlı gözləntilərini ciddi şəkildə alt-üst edib. İran bölgədə dünya müharibəsinin başlanması üçün artıq zəmin yaratmağa çox yaxındır". 

 


Ç.Şahbazinin sözlərinə görə, heç şübhəsiz ki, İranın hücumlarının arxasında Rusiya və Çin dayanır:

 

“Bu gün İranın Yaxın Şərq ölkələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar müharibəni coğrafi baxımdan genişləndirmək məqsədi daşıyır. Vurulan hədəflərdən bu bəllidir. Demək olar ki, bu müharibədə Rusiya ciddi şəkildə İrana yardım göstərir. Müharibənin uzanması ilə gələn fəsadlar ən çox enerji bazarına ciddi təsir göstərir və qıtlıq səbəbindən katastrofik qiymət artımı dünya iqtisadiyyatını iflic vəziyyətə sala bilər. Bu, Rusiyanın işinə yarayan, strateji əhəmiyyətə malik fürsətdir. Belə ki, bu gün dünyanın ən böyük neft sənayesi zavodları, neft daşıyan tanker gəmiləri və sair vurulur və Rusiya bununla özünə qarşı asılılığı artırır və qiymət artımına səbəb olur. ABŞ Dövlət katibi Marko Rubio açıq şəkildə deməsə də, gözlənilən xaosun qarşısının alınması üçün növbəti mərhələdə İranın daha dərin strateji obyektlərinə və Tehranla əlaqəli şəbəkələrin hədəflərinə zərbələr nəzərdə tutulur. Rubionun bəyanatı həmçinin sülhün yaxın günlərdə olmayacağını göstərir və daha ağır mərhələyə başlayacaqlarını açıq şəkildə ifadə edir. Bura hərbi kampaniyanın genişləndirilməsini də əlavə etmək olar”. 


Eksperet bu baxımdan düşünür ki, taktiki səylər dedikdə daha çox İranın strateji dərinliklərini hədəf almaq nəzərdə tutulur:

 

“Müharibənin gedişatı onu göstərir ki, hərbi əməliyyatlar uzun müddət davam edəcək. Münaqişənin bir neçə həftə, hətta bir neçə ay sürməsi mümkündür”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ