İran danışıqlar masasına oturmalıdır — Elşad Mirbəşiroğlu

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Tehran da cavab addımları atıb və qarşıdurma daha geniş miqyas alma riski ilə üz-üzə qalıb. Diplomatik danışıqların dayanması və hərbi əməliyyatların intensivləşməsi regionda təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib. Beynəlxalq ictimaiyyət isə tərəfləri təmkinə və dialoqa çağırır.
Mövcud şəraitdə əsas sual İranın özünü necə müdafiə edəcəyi ilə bağlıdır. Maraqlıdır, İranın özünü müdafiə etmək və müharibəni dayandırmaq üçün hansı alternativləri var?
Sfera.az-a bu haqda açıqlama verən sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun sözlərinə görə, İranın müharibəni dayandırması üçün danışıqlara getməsi vacibdir.
Onun fikrincə, Cenevrə danışıqlarından razı qalmayan ABŞ İsrailin əli ilə İrana müharibə elan etdi:

“ABŞ-nin şərtləri ondan ibarətdir ki, İran malik olduğu zənginləşdirilmiş uranı ABŞ-yə təhvil versin, ümumiyyətlə nüvə proqramını dayandırsın, hətta dinc məqsədlərlə də uranı zənginləşdirmək imkanına sahib olmasın və nəhayət, ballistik raket proqramını dayandırsın. İran isə bunların heç biri ilə razı deyil. Daha doğrusu, ümumiyyətlə ballistik proqram məsələsini müzakirə etmək istəmir, uranın zənginləşdirilməsini tamamilə dayandırmağa razı deyil və dinc məqsədlər üçün uranı zənginləşdirmək istədiyini bildirir. Amma nüvə silahı əldə etməkdən imtina etdiyini deyir. Yəni, əgər ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməməsidirsə, İran beynəlxalq nəzarət altında buna razı olduğunu bildirir”.
Ekspert İranın qarşısında sadəcə iki yol olduğunu vurğulayıb:
“İranın burada iki yolu var: ya ABŞ-nin şərtləri ilə masa arxasına oturmalıdır, ya da hərbi gücü imkan verirsə, layiqli cavab verməlidir ki, mövqeyi güclü olsun. Tramp bəyan etdi ki, İran rəhbərliyi danışıqları davam etdirməyə hazırdır və ona müraciət olunub. Əgər İran tərəfi həqiqətən müraciət edibsə, onda hesab edirəm ki, Trampın şərtlərini müəyyən korrektələrlə qəbul edərək danışıqlar masasına qayıda bilər”.
Bəsti Rəfizadə
Sfera.az
