Quru əməliyyatı olmadan rejim dəyişə bilərmi? - Deputatdan AÇIQLAMA

Quru əməliyyatı olmadan rejim dəyişə bilərmi? - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumun gedişatından görünür ki, hələlik koalisiya yalnız raket zərbələri ilə kifayətlənəcək, qurudan hər hansı əməliyyat olmayacaq. İrandakı vəziyyətə bələd olan təcrübəli siyasətçilər isə bildirirlər ki, yalnız raket zərbələri ilə Tehran rejimini dəyişmək mümkün olmayacaq. Onların fikrincə, rejimi dəyişmək üçün quru əməliyyatının olması da vacibdir.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu İranda hazırda yaşanan müharibənin İran diplomatiyasının yaxşı idarə olunmamasının nəticəsi və İranda bir qrup siyasi hakimiyyət daşıyıcısının öz imperialist maraqlarını İran dövlətinin və xalqının maraqlarından üstün tutmasının nəticəsi olduğunu bildirib:


“ABŞ prezidenti müharibə başlamamışdan əvvəl, 8 dəqiqəlik müraciətində rejimin dəyişməsi haqqında bildirdi və bəlli oldu ki, İranda hazırkı rejimin dəyişməsi ABŞ-nin əsas məqsədidir. Göründüyü kimi, artıq dünən bu barədə bəyanat verən Avropa üçlüyünün də eyni məqsədi var. Yəni, inqilab keşikçilərini qorumaq üçün yaradılmış SEPAH-ı terror təşkilatı kimi tanıyan Avropa İttifaqının da məqsədi İran rejimini dəyişdirməkdir. Belə olan halda mənə elə gəlir ki, İranın bütün dünyaya qarşı savaşmaq imkanı yoxdur. Ona görə də yaxşı olar ki, İranın ümumi mənafeyi naminə bu siyasi rejim mövqeyini dəyişsin ki, İranda dəyişiklik baş tutsun”.

 


Deputat indiki situasiyada yalnız raket zərbələri ilə müharibənin davam edəcəyini və quru qoşunlarının yeridilməyəcəyini qeyd edib:


“Yəqin ki, bir neçə həftəlik müharibədən sonra yaranmış yeni real vəziyyətdə nə baş verəcəyini daha dəqiq proqnozlaşdıra bilərik. Hələlik bu haqda danışmaq çox tezdir. Amma rejim məsələsinə gəldikdə, nəticə etibarilə tarixə baxsaq, 1979-cu ildə hakimiyyətə gələn bu rejim məhz dövrün idarəedici sisteminin başında duran Məhəmməd Rza Pəhləvinin ölkədən çıxmasını tələb etmişdi. Ona görə də siz kimisə devirib hakimiyyətə gəlmisinizsə, o dövrdə xalqın dəstəyi ilə gəlmisiniz, indi isə bu dəstəyi itirmisiniz və xalq başqasını istəyir. Bunu da qəbul etmək lazımdır. Yəni, 47 illik hakimiyyətin məntiqi sonluğu budur”.


Bəsti Rəfiadə
Sfera.az

PAYLAŞ