İran regiona yenidən qayıdır - Proksi qüvvələrə silah dəstəyi başladı

İsrail mənbələrinə əsasən, İran İsrailin hücumlarından sonra “Hizbullah” və digər proksi qüvvələrinin itirilmiş potensialını bərpa etmək məqsədilə Livan, Yəmən, İraq və bəzi Afrika ölkələrinə silah göndərməyə başlayıb.
İranın yenidən bölgədə aktiv rol almaq istəyi nə ilə bağlıdır və bu prosesdə əsas məqsədləri hansılardır?
Siyasi ekspert Natiq Miri bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, İranın bu istiqamətdəki fəaliyyətində əsas məqsəd itirdiyi mövqeləri bərpa etmək və bölgədəki təsir dairəsini genişləndirməkdir:
“Hazırkı mərhələdə İranın daxilində sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır, paytaxt isə su təminatı böhranı ilə üz-üzədir. İran Prezidenti Məsud Pezeşkianın Tehranın təcili şəkildə köçürülməsi və əhalinin təxliyəsi ilə bağlı irəli sürdüyü təklifin rədd edilməsi vəziyyətin nə qədər kritik olduğunu göstərir.
Təsəvvür edin ki, öz paytaxtının su ehtiyatlarını bərpa etmək və ya yeni mənbələr tapmaq üçün maddi imkanı olmayan İran hakimiyyəti, buna baxmayaraq, regiondakı silahlı qrupları maliyyələşdirməyə davam edir. Başqa sözlə, rejim öz xalqının ehtiyaclarından kəsərək hansısa geosiyasi ambisiyalarını təmin etməyə çalışır. Lakin illərlə formalaşdırdığı bu şəbəkələrin cəmi 12 günlük müharibə zamanı demək olar ki, tam çökdürülməsi Tehran hakimiyyəti üçün ciddi zərbə oldu. Bu fiasko barədə rejim hələ də öz vətəndaşlarına açıq və qaneedici izahat verməyib”.

N.Miri dövlətin xalq üçün mövcud olduğunu bildirərək əlavə edib ki, o, cəmiyyətin təhlükəsizliyini, iqtisadi rifahını, ərzaq və sosial təminatını qorumağa borcludur:
“İran rejiminin isə uzun illərdir apardığı siyasətdə bunun əksini görürük. Ölkədə elə bölgələr var ki, sakinlər adi tibbi xidmət almaq üçün onlarla kilometr yol getməyə məcbur qalırlar. Yəni fundamental infrastruktur belə təmin olunmayıb.
Bütün bu daxili problemlər həll olunmamış qalarkən, rejimin yenə də proksi qüvvələrə silah və maliyyə ötürməsi özünü “regional güc” kimi göstərmək cəhdidir. Amma 12 günlük müharibənin nəticələri bir daha sübut etdi ki, zahirən sərt mövqedə görünən İran əslində o qədər də qüdrətli deyilmiş. Belə siyasətin davam etdirilməsi rejimin gələcəyini ciddi sual altına qoyur. Çünki xarici müdaxilə mümkün olmasa belə, ölkə daxilində sosial partlayışların baş vermə ehtimalı getdikcə artır”.
Siyasi ekspert qeyd edib ki, İsraillə baş verən qısa müddətli müharibə müəyyən mənada ictimai qəzəbi milli birliyə yönəltməklə rejimə vaxt qazandırdı:
“Pezeşkianın daha xalq yönümlü imici də cəmiyyətdə nisbi sakitlik yaratdı. Lakin rejimin hələ də terrorçu qrupları dəstəkləməyə davam etməsi bunun müvəqqəti təsir olduğunu göstərir. Bu siyasətin nəticəsi isə gec-tez elə İranın özünə, həm də daha təhlükəli formada geri dönəcək”.
Fidan Hacızadə
Sfera.az






