Türkiyədə ardıcıl təyyarə qəzalarının səbəbləri - AÇIQLAMA

Türkiyədə iki hərbi təyyarənin radardan itməsi və qəzaya uğraması ölkədə təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib. Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" təyyarəsinin göyərtəsində 20 hərbçi olub və hər biri həyatını itirib. Həmçinin dünən Xorvatiyadan texniki baxışdan qayıdan yanğınsöndürmə təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və təyyarənin Senj şəhəri yaxınlığında qəzaya uğradığı məlum olub.
Hadisələrin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Sfera.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirdi ki, xüsusilə C-130 tipli təyyarə ilə bağlı ilkin analizlər yaşlanma və struktur yorğunluğunun əsas versiya kimi önə çıxdığını göstərir. Onun sözlərinə görə, bu cür təyyarələrin uzun illər istismarı bir sıra ciddi risklər yaradır.
Anar Şuşalı qəzanın texniki səbəblərdən baş verməsinin daha inandırıcı olduğunu vurğuladı:
“C-130 təyyarəsi 50 ildən artıq istismar olunub və bu qədər uzun müddətdə metal yorğunluğu, korroziya və konstruksiyanın zəifləməsi ehtimalı çox yüksəkdir. Xüsusilə mərkəzi qanad qutusu kimi kritik hissələrdə yorğunluq yığılması mümkündür. Bu baxımdan “yaş faktoru” qəzanın ən real izahlarından biridir”.
Ekspert əlavə edib ki, yalnız yaşlanma deyil, təyyarənin yüklənmə prosesi də qəzaya səbəb ola biləcək mühüm faktorlardan biridir:
“Yüklərin sabitlənməsində səhv ehtimalı diqqətdən kənar deyil. Uçuş zamanı yükün yerini dəyişməsi balansın pozulmasına, bunun nəticəsində vibrasiyanın artmasına və konstruksiyaya əlavə yük düşməsinə səbəb ola bilər. Bu, tətbiqi-səhv tipli nasazlıqdır və real risk hesab olunur”.

Cəmiyyətdə səsləndirilən siyasi motiv iddialarına da toxunan ekspert deyib:
“Bəzi insanlar belə qəzalara siyasi mənzərə kimi baxırlar, bəzən də "siyasi qurban" terminindən istifadə edirlər. Amma hazırda ictimaiyyətə açıqlanan konkret dəlil yoxdur. Hərbi təyyarələrin qəzalarında siyasi risk amili tamamilə kənara qoyula bilməz. Bu məqsədlə təhlükəsizlik, geopolitik gərginliklər və qarşıdurmalar nəzərə alınmalıdır. Lakin bu, yalnız ehtimal olaraq qalır. Hal-hazırda daha güclü versiya texniki problem versiyasıdır.
Yaşlı təyyarələr daha çox texniki xidmət tələb edir və bəzi hissələrin dəyişdirilməsi çətin olur. Statistika göstərir ki, uçuş dövrləri artdıqca uğursuzluq faizi də artır. Amma düzgün texniki xidmət riskləri minimuma endirə bilər”.
Mütəxəssis qeyd edib ki, təyyarənin yaşı təkbaşına qəza səbəbi deyil, həm də risk faktorlarını artıran ciddi göstəricidir. C-130 və oxşar təyyarələrin nə qədər müddət istifadəyə yararlı olması barədə danışan Şuşalı bunları qeyd etdi:
“Təyyarənin ömrü yalnız illərlə ölçülmür, əsas indikatorlar uçuş saatları (flight hours) və uçuş dövrləridir (cycles). Dünyada kommersiya təyyarələrinin 20–30 il istifadəsi normal sayılır. Hərbi təyyarələrdə isə müntəzəm A, B, C və ən ağır D səviyyəli texniki yoxlamalar aparılır. Bu yoxlamalar təyyarənin real ömrünü müəyyən edir. Hazırda ən inandırıcı versiya texniki nasazlıqdır. Qara qutu məlumatları, struktur analizi və metalların ekspertizasının nəticələri qəzanın səbəbini tam müəyyən edəcək. Ola bilər ki, bu hadisələrdən sonra Türkiyə hava qüvvələri köhnə təyyarələrin təhlükəsizlik vəziyyətini yenidən qiymətləndirsin və müasir təyyarələrə keçidi sürətləndirsin. Hazırki mərhələdə siyasi motiv iddiaları zəifdir və əsas diqqət texniki-təhlükəsizlik faktlarına yönəlib”.
Bəsti Rəfizadə
Sfera.az






