Ermənistandan KTMT xəbərdarlığı -"Cənubi Qafqazda balans dəyişə bilər"

Son günlər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı məlumatlar regionda və beynəlxalq mediada ciddi müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyanın parlamentdə hökumət saatı zamanı səsləndirdiyi bəyanatdan sonra belə bir fikir formalaşıb ki, İrəvan artıq KTMT-dəki üzvlüyünə son qoyub. Bu isə həm Ermənistanın Rusiya ilə münasibətləri, həm də Cənubi Qafqazın ümumi təhlükəsizlik arxitekturası baxımından yeni siyasi vəziyyət yaradıb.
Ekspertlər bildirirlər ki, Paşinyanın çıxışı Ermənistanın uzun illərdir üzvü olduğu Rusiya rəhbərliyindəki hərbi alyansdan uzaqlaşmasının növbəti mərhələsi kimi qiymətləndirilə bilər. İrəvanın bu addımı Qərblə inteqrasiya cəhdlərinin güclənməsi, eyni zamanda Moskva ilə münasibətlərin gərginləşməsi fonunda atılır.
Bu vəziyyət bir çox sualları gündəmə gətirib: Ermənistan KTMT-dən faktiki olaraq çıxıbmı? Əgər çıxıbsa, bu qərar ölkənin təhlükəsizlik siyasətinə və regional balanslara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı yayılan məlumatlar təsdiqlənməyib.
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurduğunu” bildirib, lakin rəsmi şəkildə təşkilatdan çıxmaq barədə qərar qəbul olunmadığını vurğulayıb. Bu, o deməkdir ki, Ermənistan KTMT-nin iclaslarında iştirak etmir, təşkilatın tədbirlərinə qatılmır və üzvlük mexanizmlərini faktiki olaraq dayandırıb. "Lakin hüquqi baxımdan ölkə hələ də təşkilatın üzvü sayılır", - deyən politoloq nəzərə çatdırıb ki, Ermənistanın KTMT-dən çıxması bu ölkənin təhlükəsizlik və xarici siyasət balansında ciddi dəyişikliklər yarada bilər:
“Təşkilatdan uzaqlaşmaq Moskva ilə münasibətlərin daha da gərginləşməsi deməkdir. Çünki KTMT Rusiyanın təsir dairəsində olan əsas hərbi alyansdır və Ermənistan bu sistemin himayəsi altında müəyyən təhlükəsizlik zəmanətləri əldə edirdi. İndi isə bu zəmanətlərin itirilməsi, xüsusən də sərhəd və müdafiə məsələlərində ölkəni yeni risklərlə üz-üzə qoya bilər.
Digər tərəfdən, Paşinyan hökuməti KTMT ilə əlaqələrin dondurulmasını Qərbə inteqrasiya istiqamətində atılmış addım kimi təqdim edir. Ermənistan artıq ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq dialoquna başlayıb, bu isə ölkənin siyasi oriyentasiyasının dəyişdiyini göstərir. Lakin Rusiya ilə bağlı enerji, hərbi və iqtisadi asılılığın dərin olması səbəbindən Ermənistanın tam şəkildə Qərb blokuna yönəlməsi yaxın zamanda real görünmür”.

Z.Qarayevanın fikincə, KTMT-dən uzaqlaşma Ermənistanın daxili siyasətinə də təsir göstərə bilər:
“Cəmiyyətin bir hissəsi bunu suveren qərar kimi dəstəkləsə də, digər qismi ölkənin təhlükəsizliyinin zəifləyəcəyindən narahatdır. Müxalifət hakimiyyəti “təhlükəsizlik boşluğu” yaratmaqda ittiham edir. Paşinyan isə bu addımı ölkənin milli maraqları və azad qərarvermə hüququnun bərpası kimi əsaslandırır.
Ümumilikdə, Ermənistanın KTMT ilə əlaqələrinin dayandırılması regionda yeni geosiyasi reallıqlar yaradır. Bu proses təkcə İrəvanın Rusiya ilə münasibətlərini deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik balansını dəyişə bilər”.
Politoloq onu da vurğuladı ki, Ermənistan artıq seçim qarşısındadır:
"Belə ki, ya Qərb strukturları ilə əməkdaşlığı dərinləşdirəcək, ya da təhlükəsizlik baxımından yeni mexanizmlər axtarmağa məcbur olacaq".
Firuzə Əliyeva
Sfera.az






