İran ABŞ-a 7 günlük plan təklif etdi

İran ABŞ ilə müharibəni dayandırmaq və Hürmüz boğazını yenidən açmaq üçün Vaşinqtona 7 günlük plan təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında planın vasitəçilər üzərindən ABŞ-a təqdim edildiyini açıqlayıb.
Əraqçinin sözlərinə görə, müəyyən şərtlər yerinə yetirilərsə, Hürmüz boğazı yeddinci günün sonunda açılacaq və nüvə danışıqları yenidən başlayacaq.
Plana əsasən, yeddi gün ərzində Livan da daxil olmaqla bölgədə hərbi əməliyyatların dayandırılması, İrana aid təxminən 12 milyard dollar dəyərində dondurulmuş vəsaitlərin sərbəst buraxılması, neft sanksiyalarının aradan qaldırılması və dəniz blokadasına son qoyulması tələb olunur.
Bu addımlardan sonra Hürmüz boğazının açılması və nüvə müzakirələrinin başlanması nəzərdə tutulur.
Əraqçi razılaşmanın ABŞ-da keçiriləcək aralıq seçkilərindən əvvəl əldə edilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
ABŞ rəsmisi isə vasitəçilər üzərindən aparılan təmasların müsbət olduğunu, lakin Vaşinqtonun razılaşma üçün tələsmədiyini deyib.
Qeyd edək ki, son günlər İran və ABŞ arasında diplomatik təmaslar yenidən intensivləşib.
Mənsumə






