Meşədə itkin düşdü, 6 gün sonra tapıldı - Maraqlı hadisə
Avstraliyada altı gün ərzində meşəlik ərazidə itkin düşən 17 yaşlı autizmli yeniyetmə sağ tapılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Viktoriya ştatında, Melburn şəhərindən təxminən 185 kilometr şərqdə yerləşən Valhalla qəsəbəsi yaxınlığında baş verib.
Məlumata görə, Uilyam adlı yeniyetmə noyabrın 6-da dostu ilə birlikdə düşərgəyə gedib. O, əlavə ləvazimat götürmək üçün düşərgədən uzaqlaşıb, lakin geri qayıtmayıb. Yeniyetmənin mobil telefonu, qida və su ehtiyatı düşərgədə qalıb.
Hadisədən sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Axtarışlara 100-dən çox polis əməkdaşı, xilasedici və könüllü cəlb olunub.
Noyabrın 12-də polis helikopterinin ekipajı yeniyetməni çay yatağının yaxınlığında aşkarlayıb. Helikopterin səsini eşidən Uilyam xilasedicilərə işarə verib və təhlükəsiz əraziyə təxliyə olunub.
Polisin məlumatına görə, yeniyetmənin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bununla belə, o, tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, yeniyetmənin itkin düşdüyü ərazi sıx meşəlik və dik yamaclardan ibarətdir. Uilyamın son iki günü düşərgədən təxminən iki kilometr aralıda keçirdiyi müəyyənləşib.
Şahanə Ziyad







