ABŞ-də müəllim əvəzinə süni intellekt dərs keçir - YENİLİK

ABŞ-də müəllim əvəzinə süni intellekt dərs keçir - YENİLİK
Kateqoriya məlum deyil
T

ABŞ-nin Çikaqo şəhərində süni intellekt əsaslı yeni “Alpha” adlanan özəl məktəbdə ənənəvi müəllim modeli əvəzinə süni intellektdən istifadə olunur.

Sfera.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Məktəb “K-8” formatında (məktəbəqədər hazırlıqdan 8-ci sinfə qədər olan təhsil mərhələsi) fəaliyyət göstərir və burada şagirdlər riyaziyyat, yazı, dil və oxu kimi əsas fənləri süni intellekt əsaslı fərdiləşdirilmiş təhsil proqramı vasitəsilə gündə cəmi iki saat ərzində öyrənirlər. Yazı və təbiət elmləri isə növbəli şəkildə keçirilir. Məktəbdə dərslərin qalan hissəsi isə ənənəvi akademik məşğələlərə deyil, ictimai çıxış, maliyyə savadlılığı, komanda işi, liderlik və digər həyat bacarıqlarının inkişafına həsr olunur.

Məktəbdə ənənəvi mənada müəllimlər əvəzinə “guide”, yəni bələdçi adlandırılan əməkdaşlar fəaliyyət göstərir. Onların əsas vəzifəsi şagirdlərin motivasiyasına, emosional inkişafına və gündəlik fəaliyyətinə dəstək verməkdir. Məktəbin rəhbərliyi bildirir ki, süni intellekt şagirdlərin bütün gününü idarə etmir və əsas qərarları insanlar verir.

13 yaşlı şagird Zeyn Şah ənənəvi məktəbdə 20-30 nəfərlik sinifdə oxuduğunu və belə şəraitdə diqqətini toplamağın daha çətin olduğunu bildirib. Onun sözlərinə görə, yeni modeldə daha fokuslanmış şəkildə çalışa bilir.

Məktəbdə illik təhsil haqqı isə 55 min ABŞ dollarıdır. “Alpha Chicago” məktəbi məktəbəqədər hazırlıqdan 8-ci sinfə qədər şagirdləri qəbul edir. Məktəbin rəsmi məlumatına görə, şagirdlər iki saatlıq əsas akademik təhsildən sonra həyat bacarıqları üzrə müxtəlif məşğələlərdə iştirak edirlər.

Bununla belə, yeni model təhsil sahəsində mübahisələrə də səbəb olur. “Brookings Institution”un əməkdaşı Rebecca Winthrop “Alpha”nın həyat bacarıqları modelinin perspektiv vəd etdiyini, lakin məktəbin iddia etdiyi nəticələri təsdiqləyən müstəqil elmi sübutların hələ kifayət qədər olmadığını bildirib. Məktəbin Çikaqoda açılması ABŞ-də təhsildə süni intellektdən istifadə ilə bağlı müzakirələrin artdığı bir dövrə təsadüf edir. “Alpha” isə ölkə üzrə genişlənməyə davam edir və şirkətin məlumatına görə, 2026-cı tədris ilində məktəblərin sayının 50-yə çatdırılması planlaşdırılıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR