Süni intelekt məhdudlaşdırılacaq? - ABŞ-ni hərəkətə keçirən səbəblər

ABŞ süni intellektin tənzimlənməsi üzrə komitə yarada bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə Amerikanın iri texnologiya şirkətlərinin rəhbərləri ilə süni intellektin inkişafına həsr olunmuş görüşdən sonra jurnalistlərlə söhbətində bildirib.
Maraqlıdır ki, ABŞ-ni belə bir komitə yaratmağa nə vadar edir?
İT mütəxəssisi Fərid Kazımov Sfera.az-a açıqlamasında bildirib ki, süni intellektdən istifadənin qaydalarının müəyyənləşdirilməsi məsələsi artıq qlobal səviyyədə aktuallaşıb.
Onun sözlərinə görə, əvvəlki illərdə süni intellektin yarada biləcəyi təhlükələrlə bağlı müxtəlif xəbərdarlıqlar səsləndirilsə də, bu məsələlərə aktiv yanaşma müşahidə olunmayıb:
“Son hadisələr göstərir ki, süni intellekt müəyyən təhlükələr yarada bilər. Bu təhlükələr sivilizasiya, dövlətlərin və insanların təhlükəsizliyi ilə bağlıdır. Bu nöqteyi-nəzərdən onun müəyyən çərçivədə saxlanılması məsələsi gündəmə gəlib”.
F.Kazımov qeyd edib ki, süni intellektdən istifadəyə dair qlobal çərçivə sənədi hazırlanmalıdır. Onun fikrincə, dövlətlər həmin çərçivə əsasında öz ölkələrində, həm dövlət, həm də biznes sektorunda tətbiq edilə biləcək qaydalar formalaşdıra bilərlər:
“ABŞ-nin bu istiqamətdə komitə yaratmaq təşəbbüsü süni intellekt sahəsində qlobal qaydaların formalaşdırılmasında liderlik etmək məqsədi daşıya bilər. ABŞ bu sahədə liderdir. Orada fəaliyyət göstərən şirkətlər süni intellektin tətbiqi sahəsində çox böyük uğurlar qazanıblar. ABŞ məntiqli olaraq bu qaydaları və ümumiyyətlə, prosesləri idarə etməyi öz üzərinə götürmək istəyir”.

İT mütəxəssisi süni intellektin tənzimlənməsi ilə bağlı mümkün modelin domen adlarının fəaliyyətini tənzimləyən “ICANN” təşkilatının fəaliyyətinə müəyyən mənada bənzəyə biləcəyini də istisna etməyib:
“Domen adları qlobal məsələdir, amma bu sahə Amerikada yaranıb və tənzimlənməsi də orada həyata keçirilirdi. Ola bilsin ki, təklif olunan komitə ABŞ-nin komitəsi olmasına baxmayaraq, müəyyən mənada bu sahədə “ICANN” formatına yaxın tənzimləmə və idarəetmə modelini tətbiq etmək istəyir. Ola bilər belə bir məsələ olsun. Mən bunu dəqiq deyə bilmərəm, çünki bu, mənim mülahizəmdir”.
Mütəxəssis söyləyib ki, süni intellektdən istifadənin müəyyən çərçivəyə salınması və bu qaydaların formalaşdırılması aktual məsələdir:
“Çərçivə sənədinin BMT səviyyəsində, yaxud müəyyən dövlətlərarası və ya Dünya İqtisadi Forumu formatında hazırlanması və tətbiqinə başlanılması mümkündür”.
F.Kazımov süni intellektin insan fəaliyyətini tamamilə əvəz edən vasitəyə çevrilməsi tendensiyasına da diqqət çəkib. O deyib ki, xüsusilə qərarların qəbulunda süni intellektin insanı əvəz etməsi doğru yanaşma deyil:
“Süni intellekt insanı əvəz edə bilməz. Yəni süni intellekt insanı əvəz etməməlidir və son qərarın verilməsində, əlbəttə ki, insan faktoru olmalıdır. Qərarı insan verməlidir. Süni intellekt isə köməkçi funksiya kimi fəaliyyət göstərməlidir. Bu, mənim subyektiv fikrimdir. Süni intellektin istifadəsinə dair çərçivələrin formalaşdırılması istiqamətində komitənin yaradılması da növbəti addımlardan biri kimi qiymətləndirilə bilər”.
İradə Elsevər






