Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
Kateqoriya məlum deyil
T

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?

Azərbaycanda artıq payız fəsli başlayıb və havalar tədricən soyuyur. Son illər qlobal iqlim dəyişikliyi dünyada anomal hava şəraitinə səbəb olduğu üçün builki payızın necə keçəcəyi, ölkəmizdə hansı havanın hökm sürəcəyi hər kəs üçün maraqlıdır. Görəsən qarşıdakı aylarda bizi nə gözləyir? Builki payız normadan çox yağmurlu keçəcək, yoxsa quraqlıq olacaq? Yağıntıların miqdarı ilə bağlı proqnozlar nə deyir?

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi Həsən Nəbiyev danışıb. O bildirib ki, payız keçid fəsli olduğu üçün bu dövrdə hava şəraiti dəyişkən olur.

Onun sözlərinə görə, günəş fəallığının artması ölkə ərazisində kəskin hava dəyişmələrinə səbəb olan meridional proseslərin təkrarlanmasını artırır.

“23 sentyabrda Günəş ekvatorda zenitdə olur. Hər iki yarımkürə bərabər işıqlanır, gecə və gündüz bərabərləşir. Bu dövrdə havalar çox dəyişkən olur, güclü küləklər əsir, yağışlar yağır, çaylarda suyun səviyyəsi artır.

Ümumiyyətlə, ölkə ərazisində yağıntıların paylanmasında iki maksimum müşahidə edilir. Əsas maksimum yazda, ikinci maksimum isə payızda müşahidə olunur. Bu yağıntılar əsasən şimal ərazilərdən ölkəyə müdaxilə edən soyuq hava kütlələri ilə sıx bağlıdır”.

Ekspert vurğulayıb ki, ilin bu dövründə atmosfer sirkulyasiyasında meridional proseslərin intensivləşməsi soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsini artırır:

“Bu isə yağıntıların miqdarının artmasına, əlverişli şəraitdə isə daşqın, subasma və sel hadisələrinin baş verməsinə səbəb ola bilər.

Son onilliklərdə cənub-qərbdən - Aralıq dənizinin şərqindən şərq və şimal-şərq istiqamətlərində hərəkət edən cənub siklonlarının ölkə ərazisinə tez-tez müdaxilə etməsi müşahidə edilir. Bu siklonlar yağıntıların çoxalmasına və bir sıra təbii-dağıdıcı hadisələrin yaranmasına səbəb olur.

Lakin yağıntıların miqdarı və intensivliyi, onların normadan az və ya çox olacağı barədə fikir söyləmək çox çətindir. Bunlar uzunmüddətli proqnozlardır. Belə proqnozlar çox çətin və hələ də həllini tapmamış problemlərdən biridir. Onların özünü doğrultma ehtimalı hələ aşağı göstəricilərlə səciyyələnir.

Amma əldə etdiyimiz elmi nəticələr əsasında deyə bilərik ki, Günəş fəallığının artması ilə ölkə ərazisində kəskin hava dəyişmələrinə gətirib çıxaran meridional proseslərin təkrarlanması çoxalır. Nəticədə ölkəyə soyuq hava kütlələri müdaxilə edir və yağıntıların miqdarı artır.

Qeyd edim ki, Günəş fəallığının XXVVI 11 illik sikli 2030-cu ilə qədər davam edəcək. Bu fəallığın XXV sikli intensiv olarsa, təhlükəli təbiət hadisələri – sel, daşqın, subasma, dolu, güclü küləklər və s. – yenə də müşahidə ediləcək. Əgər fəallıq zəifləsə, belə hadisələrin tez-tez təkrarlanma ehtimalı xeyli azalacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR