“Burunsuz adam” saxlanıldı – Avtomobildən çıxanlar hamını təəccübləndirdi

ABŞ-nin Florida ştatında adi yoxlama zamanı polis gözlənilməz halla qarşılaşıb. Saxlanılan şəxsin avtomobilində narkotik vasitələr, külli miqdarda nağd pul və seriya nömrəsi silinmiş silah aşkarlanıb.
Sfera.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə sentyabrın 3-də Fort-Loderdeyl şəhərində baş verib.
Polis ağ rəngli "Mercedes-Benz" markalı avtomobili saxlayıb. Avtomobildə 46 yaşlı Çarlz Vilson Pastore də olub. Doğuşdan burnu olmayan Pastore ətrafında “Burunsuz adam” kimi tanınır.
Polislər avtomobildə narkotik vasitə olmasından şübhələndikdən sonra K-9 xidmət iti əraziyə cəlb edilib. İt avtomobildə gizlədilən maddələrin yerini müəyyənləşdirib.
Axtarış zamanı avtomobildən 17 qramdan çox metamfetamin və təxminən 3,5 qram kokain götürülüb.
Lakin polis bununla da kifayətlənməyib. Avtomobilin arxa oturacağında yerləşən bel çantasından üzərində narkotik qalıqları olan elektron tərəzi, 3 515 dollar nağd pul və seriya nömrəsi silinmiş, içərisində güllə olan yarıavtomatik tapança aşkarlanıb.
İstintaqı genişləndirən polis Pastore ilə başqa avtomobili idarə edən şəxsin birlikdə hərəkət edərək narkotik vasitələrin satışı ilə məşğul olduqlarından şübhələnib.
Pastoreyə metamfetamin satışı, metamfetamin və kokain saxlama, həmçinin narkotik istifadəsi üçün avadanlıq saxlama ittihamları irəli sürülüb. Onun üzərindən saxta sürücülük vəsiqəsinin də çıxdığı bildirilib.
46 yaşlı şübhəli bir müddət həbsdə saxlanıldıqdan sonra sentyabrın 8-də 37 min dollar girov müqabilində sərbəst buraxılıb.
Pastoreyin vəkilinin kimliyi barədə hələlik məlumat verilməyib. Fort-Loderdeyl Polisi və Brovard dairəsi Şerif Ofisindən də hadisə ilə bağlı əlavə açıqlama istənilib.
İradə Elsevər






