“Efiri Aygün, Röya, Faiq kimi Xalq artistləri korladı” – ŞOK İTTİHAMLAR
“Efirə çıxanlara nəzarət edən heç bir qurum yoxdur. Meyiti özbaşına qoysan, kəfəni də yırtar. Bunlar da həmin şeydir. İstedadlı insan həqiqi sənətlə məşğul olur. İndi efirə çıxanların çoxu rayon avtobusunda düşüb səs yazdırmağa gedənlərdir. Heç biri də Azərbaycan musiqisi deyil. Elə bil Orta Asiyadasan. Nə canlı, nə cansız oxuya bilmirlər. Pul verib efirə çıxırlar. Özümüz öz musiqimizə düşmən kəsilmişik. Adi “gəl bura” tipli cümlələr də qura bilmirlər. Musiqi biləni ortaya çıxardan yoxdur. Mədəniyyət nazirindən tutmuş müavinlərə qədər hamısı pul qazanır. Efirə efir qaydasını bilən insan çıxarılmalıdır”.
Sfera.az bildirir ki, bunu “Yeni Sabah”a müğənni Əli Mirəliyev deyib. O bildirib ki, bu gün bəzi Xalq artistləri bəstəkarın not üzərində yazdığı mahnıları başa düşmür:
“Bu gün ixtiyarım olsa, müğənnilərin çoxunu efirə buraxmaram. Hansı ki, toylara ən baha qiymətə gedirlər. Aygün, Röya, Faiq kimi Xalq artistləri korladı efirləri.
Günahkar da Polad Bülbüloğludur. Çatana Xalq artisti adı verib. Xalq artisti xalqın sənətkarı olmalıdır. Özünü xalqdan qorumalı deyil. Mən çox şeylər görmüşəm. Aygün Kazımova kimdir ki, yanında cangüdən gəzdirir? Bu deputatdır, iş adamıdır, kosmonavtdır, nədir? Sən adi oxuyansan. Əlindən başqa heç nə gəlmir. Nəyinə görə qorxursan? Öldürərlər səni? Xalqın zəhləsi getmiş insan ki, onlardan qorxursan. Mən Mərdəkanda tək gəzib-dolanıram. Kimdən qorxmalıyam? Xalqın mahnısını düzgün ifa edin ki, onlardan da qorxmayasınız. Müğənnidən də tələb olunan budur”.
Ə. Mirəliyev bildirib ki, bu gün Xalq artistlərinin çoxunun oxuduğu mahnıları meyxana deyənlər yazır:
“Ağzınıza gələni oxumayın. Bəstəkar mahnını necə yazıbsa, elə də oxumalısınız. Çoxu heç bəstəkarın not üstündə yazdığı mahnını başa düşmür. Oxuduqları mahnıya dil də yatmır. Biabırçılıqdır. Elə bil orta məktəb də oxumayıblar. Sait, samit nədir, bilmirlər.
Bu gün Xalq artistlərinin çoxunun oxuduğu mahnıları meyxana deyənlər yazır. 5-10 manat pul alıb olurlar mahnı yazan. Deməkdən yorulmuşam. İndi heç Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarların mahnılarını düzgün oxuya bilən yoxdur.
O boyda Zaur Rzayev getdi. O oxuyanda adamın tükləri biz-biz olurdu. Bunlar oxuyanda adam yaşamaq istəmir.
Ümumiyyətlə, Xalq artisti adı tamamilə yığışdırılmalıdır. Türkiyədə belə şey var? Emel Sayın sənətçi və sənətkardır. O özü ən böyük addır”.






