Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?

Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?
Kateqoriya məlum deyil
T

Dünyanın bir çox ölkəsində 4 günlük iş həftəsi formasında fəaliyyət göstərir. Bu modeldə işçilər daha az gün işləsələr də, iş saatlarının daha səmərəli təşkili hesabına əmək məhsuldarlığının qorunması və iş-həyat balansının yaxşılaşdırılması hədəflənir. Azərbaycanda da son dövrlərdə iş rejiminin çevikləşdirilməsi və iş saatlarının azaldılması məsələsi aktuallıq qazanıb.

Azərbaycanda 4 günlük iş həftəsinə keçmək mümkündürmü? Bu model ölkəmizdə tətbiq olunsa, işçilərin və işəgötürənlərin fəaliyyətinə necə təsir edə bilər?

Sfera.az bildirir ki, demokrat.az-a bu barədə danışan iqtisadçı Fərhad Pərvizi Azərbaycanda 4 günlük iş həftəsi və ümumiyyətlə, iş saatlarının azaldılması barədə müzakirələrə ilk növbədə əmək məhsuldarlığı prizmasından yanaşmaq lazım olduğunu bildirib:

“Çünki 4 günlük iş həftəsi iqtisadi inkişafın səbəbi deyil, yüksək məhsuldarlığın imkan verdiyi nəticələrdən biridir. Son illərdə müxtəlif ölkələrdə aparılan 4 günlük iş həftəsi eksperimentlərinin müsbət nəticələri haqqında tez-tez eşidirik. Lakin burada vacib bir məqam nəzərdən qaçırılır. Bu modellər əsasən yüksək məhsuldarlığa, avtomatlaşdırmaya, güclü idarəetmə sistemlərinə və yüksək əlavə dəyər yaradan iqtisadiyyata malik şirkətlərdə sınaqdan keçirilir. Yəni məsələ sadəcə beş günlük işi dörd günə sıxışdırmaq deyil. Məqsəd daha az vaxt ərzində eyni və ya daha çox nəticə əldə etməkdir. Azərbaycanın əsas problemi isə iş saatlarının çoxluğu deyil, bir iş saatında nə qədər iqtisadi dəyər yaratmağımızdır. Təxmini hesablamalarla bu göstəricini bir neçə min dollar səviyyəsində ifadə etmək mümkündür. Belə şəraitdə əsas müzakirəmiz “necə daha az işləyək?” deyil, “necə daha məhsuldar işləyək?” olmalıdır”.

İqtisadçının fikrincə, əgər aşağı məhsuldarlıq şəraitində sadəcə iş günlərinin və ya ümumi iş saatlarının sayını azaltsaq, bunun nəticəsi bəzi sahələrdə istehsalın və xidmət həcminin azalması, bizneslərin əmək xərclərinin artması və nəticədə qiymətlərin yüksəlməsi ola bilər:

“Xüsusilə pərakəndə ticarət, tikinti, istehsal, logistika, xidmət və digər fiziki iştirak tələb edən sahələrdə beş günlük işi avtomatik olaraq dörd günə keçirmək çox çətindir. İş saatlarını azaltmaq üçün ya hər saatda daha çox məhsul və xidmət yaratmalıyıq, ya da həmin boşluğu əlavə işçi qüvvəsi ilə doldurmalıyıq. İkinci variant isə biznes üçün əlavə xərc deməkdir. Bu, o demək deyil ki, Azərbaycanda heç bir şirkət 4 günlük iş həftəsini tətbiq edə bilməz. İT, konsaltinq, maliyyə, yaradıcı sənayelər və nəticənin iş yerində keçirilən saatlarla deyil, konkret nəticə ilə ölçüldüyü bəzi sahələrdə ayrı-ayrı şirkətlər bunu eksperimental şəkildə tətbiq edə bilərlər. Əgər şirkət beş gündə yaratdığı nəticəni dörd gündə yarada bilirsə, niyə də olmasın? Burada qərarı dövlətin hamı üçün eyni qaydada verməsindən daha çox bazarın və ayrı-ayrı şirkətlərin verməsi daha məntiqlidir.

Məncə, Azərbaycan üçün hazırda prioritet 4 günlük iş həftəsi deyil. Prioritet əmək məhsuldarlığını yüksəltmək, biznes proseslərini avtomatlaşdırmaq, idarəetmə keyfiyyətini artırmaq, insan kapitalına investisiya etmək və bir iş saatında yaradılan əlavə dəyəri yüksəltməkdir. İqtisadiyyatımız elə bir səviyyəyə çatmalıdır ki, insan beş gün ərzində yaratdığı dəyəri dörd günə, gələcəkdə bəlkə də üç günə yarada bilsin. O zaman iş-həyat balansı iqtisadiyyat üçün yük deyil, yüksək məhsuldarlığın verdiyi imkan olacaq. Ona görə də mən bu məsələdə ardıcıllığın dəyişdirilməsinin tərəfdarıyam. Əvvəlcə yüksək məhsuldarlıq, sonra daha qısa iş həftəsi. Əks ardıcıllıqla getmək isə iqtisadi baxımdan çox riskli yanaşmadır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR