Dünya liderlərinin GİZLİ KÖKLƏRİ: Onlar haralıdır?

Dünyanın siyasi xəritəsində ölkələrə rəhbərlik edən şəxslərin ailə tarixləri də ən az siyasi karyeraları qədər hər kəsə maraqlı olur.
Hazırda müxtəlif ölkələrin prezidentləri arasında öz ölkələrində doğulsa da, valideynləri və ya daha uzaq əcdadları başqa dövlətlərdən köçən şəxslər var. Bəzilərinin ailəsi bir neçə nəsil əvvəl başqa ölkədən gəlib, bəziləri isə birbaşa xaricdə doğulub və sonradan başqa ölkənin prezident kürsüsünə yüksəlib.
Bəs onlar kimdir?
Sfera.az-ın araşdırmasına görə, siyahıda diqqətçəkən liderlərdən biri məhz ABŞ Prezidenti Donald Trampdır. Onun ailə tarixində həm Almaniya, həm də Şotlandiya var.
Trampın ata tərəfdən babası Fridrix Tramp Almaniyanın Kallstadt şəhərindən ABŞ-yə mühacirət edib. Ana tərəfdən isə Trampın kökü Şotlandiyaya uzanır. Anası Meri Enn Makleod Şotlandiyada doğulub və sonradan ABŞ-yə köçüb. Beləliklə, hazırda ABŞ-yə rəhbərlik edən prezidentin hər iki valideyn xəttində Avropa mənşəli miqrasiya tarixçəsi mövcuddur.
Daha maraqlı nümunələrdən biri Ekvador Prezidentidir. Daniel Noboa 30 noyabr 1987-ci ildə ABŞ-nin Mayami şəhərində doğulub.
Buna baxmayaraq, o, Ekvadorun siyasi ailələrindən birinin nümayəndəsidir və 2023-cü ildən ölkənin prezidentidir. Noboa Ekvadorda doğulmasa da, ailəsi Ekvadorun siyasi və biznes elitasında uzun illərdir tanınır. Atası Alvaro Noboa ölkədə məşhur iş adamı və keçmiş prezidentliyə namizəddir.
2026-cı ilin martından Çili Prezidenti olan Xose Antonio Kast Santyaqoda doğulub. Lakin onun valideynləri Almaniyadan Çiliyə köçmüş mühacirlərdir.
Çili Milli Konqresinin bioqrafik məlumatına görə, Kastın atası Maykl Martin Kast Sçindele, anası isə Olqa Rist Haqspiel Almaniyadan Çiliyə gəlib və Paine-Buin bölgəsində məskunlaşıblar. Kast 2026-2030-cu illər üçün Çili prezidentidir. Yəni hazırda Çilini idarə edən prezidentin ailə kökləri birbaşa Almaniyaya gedib çıxır.
Qayananın Prezidenti Məhəmməd İrfan Əli isə Indo-Qayana ailəsindən gəlir. Qayana Prezident Administrasiyasının məlumatına görə, Əli Leonorada doğulub və müsəlman Indo-Qayana ailəsində böyüyüb.
O, 2020-ci ildən prezidentdir və 2025-ci ildə ikinci beşillik müddətə yenidən seçilib. Onun ailə şəcərəsi daha da maraqlıdır. Genealoji məlumatlara görə, Əlinin ana tərəfdən əcdadları indiki Hindistanın Uttar-Pradeş bölgəsindən gəlib. Onun ulu əcdadları XIX əsrdə Britaniya Qvianasına müqaviləli fəhlələr kimi aparılıblar. Beləliklə, bu gün Qayanaya rəhbərlik edən prezidentin ailə tarixində Hindistanın izi bir neçə nəsil əvvələ qədər gedib çıxır.
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam da başqa ölkədən gəlmiş ailənin nümayəndəsidir. O, Sinqapurda doğulub, lakin ailəsi Şri-Lanka mənşəlidir.
Bu fakt Sinqapurun çoxmillətli cəmiyyətinin siyasi rəhbərlikdə də əks olunmasının nümunələrindən biridir.
Dominikan Respublikasının Prezidenti Luis Abinader də ailə mənşəyi baxımından diqqətçəkən liderlərdəndir. Abinader özü Dominikan Respublikasında doğulub. Lakin onun ata tərəfdən ailəsi Livandan gəlib.
Beləliklə, Karib hövzəsində yerləşən Dominikan Respublikasının hazırkı prezidentinin ailə tarixində Yaxın Şərq, konkret olaraq Livan mühüm yer tutub. Abinader 2026-cı ildə də Dominikan Respublikasının prezidenti olaraq qalıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünya liderləri məlumat bazasında onun prezident kimi fəaliyyəti təsdiqlənir.
Argentina Prezidenti Xavyer Miley də Avropadan Cənubi Amerikaya köç etmiş ailələrin nəslindəndir. Miley Argentinada doğulub.
Onun ata tərəfdən babasının İtaliyanın Kalabriya bölgəsindən Argentinaya gəldiyi bildirilib. Ana tərəfdə də İtaliya və Xorvatiya ilə bağlı ailə kökləri göstərilib. Bu, Argentina siyasətində Avropa mənşəli ailələrin nə qədər güclü iz buraxdığını göstərən nümunələrdən biridir. Burada da maraqlı bir nümunə var. 2026-cı ilin avqustunda Qustavo Petro prezident postunu tərk etsə də, onun ailə mənşəyi bu mövzunun ən diqqətçəkən nümunələrindən biridir. Petronun ata və ana tərəfdən ailəsində İtaliya kökləri mövcuddur. Onun ata tərəfdən ulu babalarından biri İtaliyanın cənubundan Kolumbiyaya köçüb. Ana tərəfdən də İtaliya mənşəli əcdadları olub.
Mavriki Prezidenti Darambeer Qokhol 1949-cu ildə Mavrikidə doğulub və 2024-cü ilin dekabrından ölkənin prezidentidir. Mavrikinin Prezident Administrasiyası onun vəzifədə olduğunu təsdiqləyib.
Qokholun ailəsi Mavrikidə formalaşmış hind mənşəli icmanın bir hissəsidir. Maraqlı detal isə onun ali təhsilini Hindistanın Dehli Universitetində almasıdır.
Meksikanın Prezidenti Klaudiya Şeynbaum da ailə tarixində Avropaya gedib çıxan köklərə malikdir.
Şeynbaumun valideynləri Meksikada doğulsalar da, onun ata tərəfdən ailəsi Litva, ana tərəfdən isə Bolqarıstan ərazisindən Meksikaya gəlmiş yəhudi ailələrinə gedib çıxır. Beləliklə, Meksikanın hazırkı prezidentinin ailə tarixində Şərqi Avropanın iki ölkəsinin izi var.
azırkı dünya liderlərinin kimliyini yoxlamaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin həftəlik yenilənən “World Leaders” məlumat bazası da mövcuddur. “Pew Research Center” isə 2026-cı ildə BMT-yə üzv 186 ölkənin hazırkı milli liderlərini ayrıca araşdırıb. Ən maraqlı nəticə isə budur ki, dünyanın müxtəlif qitələrində ölkələrə rəhbərlik edən şəxslərin bir hissəsinin ailə tarixləri həmin dövlətlərin sərhədlərindən çox uzağa gedib çıxır.
ABŞ-də Almaniya və Şotlandiya, Çilidə Almaniya, Qayanada Hindistan, Dominikan Respublikasında Livan, Sinqapurda Şri-Lanka və digər nümunələr müasir siyasətin əslində nə qədər çoxmədəniyyətli olduğunu göstərib.
Bəsti Rəfizadə






