Neandertallar niyə müasir insanlardan fərqlənir? – Araşdırma

Neandertallar niyə müasir insanlardan fərqlənir? – Araşdırma
Kateqoriya məlum deyil
T

Müasir texnologiya və aşkar edilmiş kəllə qalıqları neandertal əcdadlarımızın üzlərinin təxmin edilməsinə imkan verir. Bu yenidən qurulmuş üzlərə baxdıqda, onların bir çox cəhətdən bizə bənzədiyini görürük.

Sfera.az xəbər verir ki, neandertalların müasir insanlardan fərqləndirən ən diqqətçəkən xüsusiyyətlərindən biri onların daha iri burunları və üzlərinin orta hissəsinin daha qabarıq olmasıdır. Neandertallarla müasir insanlar arasındakı bu üz fərqlərinin hansı səbəbdən yarandığı hələ də tam məlum deyil.

Məhz bu suala cavab tapmaq üçün Almaniyanın Leypsiq şəhərində yerləşən Maks Plank Təkamül Antropologiyası İnstitutunun alimləri üz quruluşunun molekulyar və hüceyrə səviyyəsində necə formalaşdığını və təkamül etdiyini araşdırıblar. “Journal of Human Evolution” jurnalında dərc olunan araşdırmada alimlər neandertal, şimpanze və müasir insan kəllələrini müqayisə ediblər.

Nəticələr göstərib ki, bu növlər arasında üz quruluşundakı fərqlər hələ doğuşdan müşahidə olunur. Araşdırmaya görə, müasir insanların üzlərinin dəyişməsi neandertallarla müqayisədə daha erkən başa çatır. “Discover” jurnalının məlumatına görə, insanlar və neandertallar arasındakı üz quruluşu fərqlərini izah edən əsas ehtimallardan biri onların yaşadıqları mühitə uyğunlaşmasıdır. Neandertalların üz quruluşu Şimali Avropanın soyuq iqliminə uyğunlaşma nəticəsində formalaşıb.

Başqa bir nəzəriyyəyə görə isə neandertallar ön dişlərindən tez-tez alət kimi istifadə ediblər. Alimlər hesab edirlər ki, bu davranış çənə və üz sümüklərinə əlavə təzyiq yaradaraq onların üz quruluşunun formalaşmasına təsir göstərmiş ola bilər. Lakin bu nəzəriyyələri müasir insanlara, yəni “Homo sapiens”ə tətbiq etməklə onların özünəməxsus kəllə və üz quruluşunu izah etmək daha mürəkkəbdir. Qidanın bişirilmə üsulu və çeynəmə çənə və üz sümüklərinə düşən yükü azaldaraq üz quruluşunun tədricən kiçilməsinə səbəb olmuş ola bilər.

Araşdırmanın aparıcı müəllifi Aleksandra Şuh bildirib ki, xüsusilə böyümənin sonrakı mərhələlərində baş verən dəyişikliklər insan üzünün daha kiçik olmasına təsir edir. Onun sözlərinə görə, neandertallar və şimpanzelər üzlərinin böyüməsini daha uzun müddət davam etdirdiyi halda, müasir insanlarda bu proses daha erkən başa çatır. Nəticədə yetkin “homo sapiens”in üzü neandertallarla müqayisədə daha kiçik və incə quruluşa malik olur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR