İPhone üçün yenilik: Şarj adapteri artıq "ağıllandı"

Anker şirkəti iPhone istifadəçilərinin şarj təcrübəsini daha rahat və təhlükəsiz etmək üçün yeni “Anker Nano” (45W, Smart Display) şarj cihazını təqdim edib.
Sfera.az xəbər verir ki, yeni model uyğun “İPhone” və “İPad” cihazlarını avtomatik tanıyaraq onların adını və batareya səviyyəsini öz ekranında göstərən ilk ağıllı şarj adapterlərindən biri hesab olunur.
Şarj cihazının üzərində yerləşən ağıllı ekran istifadəçiyə yalnız batareya faizini deyil, həm də şarj gücü, temperatur, şarj rejimi və digər göstəricilər daxil olmaqla 20-dən çox məlumatı real vaxt rejimində təqdim edir. Bundan əlavə, ekranda göstərilən animasiyalar şarj prosesini daha interaktiv edir. Yeni Anker Nano 45 vattadək sürətli şarj dəstəyi təqdim edir.
Üç mərhələli ağıllı enerji idarəetmə sistemi qoşulan cihazın enerji tələbatını avtomatik müəyyənləşdirərək optimal güc təmin edir. Bu da həm daha sürətli, həm də daha səmərəli enerji doldurulmasına imkan yaradır. USB-C bağlantısı sayəsində adapter “İPhone”, “İPad”, “Apple Watch”, “AirPods” və digər USB-C dəstəyi olan cihazlarla uyğun işləyir. Şirkətin təqdim etdiyi “Care Mode” texnologiyası şarj zamanı temperaturu nəzarətdə saxlayaraq həm adapterin, həm də cihazın daha sərin işləməsinə kömək edir.
TÜV sertifikatına malik bu sistem batareyanın yüksək temperaturdan zədələnmə riskini azaltmaqla onun uzunömürlülüyünü dəstəkləyir. Bundan başqa, “ActiveShield” təhlükəsizlik sistemi gün ərzində milyonlarla temperatur yoxlaması apararaq enerji doldurma prosesinin təhlükəsizliyini təmin edir. Yeni “Anker Nano” (45W, Smart Display) şarj cihazının Türkiyədə satış qiyməti 2 299 TL (təxminən 82 manat) olaraq açıqlanıb. Hazırda məhsulun Azərbaycan bazarında satış qiyməti barədə məlumat verilməyib.
Firuzə Əliyeva






