"Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş

Android smartfonundan tətbiqin silinməsi onun bütün məlumatlarının da yox olması anlamına gəlmir.
Sfera.az xəbər verir ki, bu barədə "MakeUseOf" nəşri məlumat yayıb. Nəşrin mütəxəssisi Şahir Xan bildirib ki, bir çox istifadəçi tətbiqi telefondan sildikdən sonra onun izlərinin tamamilə yox olduğunu düşünür. Halbuki, hər bir proqram cihazda sistem faylları, keş (cache) və digər qalıq məlumatlar saxlayır.
Mütəxəssis buna nümunə olaraq "Call of Duty" mobil oyununu göstərib. O, oyunu quraşdırıb, daha sonra silsə də, telefonun yaddaşında hələ də təxminən 1,5 giqabayt həcmində məlumatın qaldığını aşkarlayıb.
Şahir Xan istifadəçilərə smartfonun yaddaşındakı qovluqları vaxtaşırı yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bunu "lazımsız faylları" təmizləmək üçün nəzərdə tutulmuş xüsusi proqramlar vasitəsilə etmək mümkündür.
Məqalədə qeyd olunur ki, Android əməliyyat sistemi tətbiqlərin saxladığı bütün məlumatlara tam çıxış imkanı vermədiyindən, qalıq faylları silmək üçün çox vaxt üçüncü tərəf utilitlərindən istifadə olunur. Bu proqramlar telefonun yaddaşını analiz edərək silinmiş tətbiqlərdən qalan faylları aşkar edib təmizləməyə imkan verir.
Xatırladaq ki, avqustun əvvəlində "How-To Geek" nəşrinin jurnalistləri böyük daxili yaddaşa malik smartfonlara əlavə pul xərcləməyin hər zaman məqsədəuyğun olmadığını bildirmişdilər. Onların fikrincə, daha kiçik yaddaşa malik model almaq, məlumatları isə xarici yaddaş qurğusunda və ya bulud xidmətlərində saxlamaq daha sərfəli seçim ola bilər.
İnci
Sfera.az






