Çin asteroidləri nüvə bombası ilə dayandırmaq istəyir

Çin alimləri Yer üçün təhlükə yarada biləcək iri asteroidlərin nüvə silahından istifadə etməklə məhv edilməsi üsulunu araşdırırlar.
Sfera.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, Pekində yerləşən Çin Raket Texnikası Tədqiqat İnstitutunun alimlər qrupu böyük asteroidlərin zərərsizləşdirilməsi üçün yeni metod üzərində çalışır.
Təklif olunan üsula əsasən, əvvəlcə metal zərbə zondu asteroidə çırpılaraq onun səthində dərin quyu açır. Daha sonra ikinci kosmik aparat həmin dəliyə nüvə bombasını yerləşdirir və partlayış asteroidin daxilində həyata keçirilir.
Alimlərin hesablamalarına görə, gücü 3 meqaton olan partlayış təxminən Xirosimaya atılmış 200 nüvə bombasının gücünə bərabərdir və diametri təxminən 100 metr olan asteroidi tamamilə məhv edə bilər.
Mütəxəssislər hesab edirlər ki, nüvə bombasının asteroidin səthindən təxminən 30 metr dərinlikdə partladılması obyektin sürətinin dəyişdirilməsini dəfələrlə artıraraq onun trayektoriyasının dəyişdirilməsi üçün daha effektiv nəticə verə bilər.
"South China Morning Post" bu yanaşmanın 1998-ci ildə çəkilmiş məşhur “Armageddon” filminin süjetini xatırlatdığını yazıb. Lakin fərq ondadır ki, Çin alimlərinin planında prosesin kosmik dronlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Alimlərin fikrincə, bu metod nüvə yükünü birbaşa asteroidə yönəltmək cəhdindən daha az texniki çətinlik yarada və daha effektiv ola bilər.
İnci
Sfera.az






