“iPhone 20"də bu yeniliklər olacaq

“Apple”ın gələn il “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim etməyə hazırlaşdığı xüsusi model olan “iPhone 20 Pro Max” barədə yeni iddialar ortaya çıxıb. Məlumata görə, şirkət bu modeldə həm dizayn, həm də texniki xüsusiyyətlər baxımından əhəmiyyətli yeniliklər etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, iddialara əsasən, “Apple Pro” seriyasında radikal dizayn dəyişikliyinə gedərək yeni nəsil smartfonlarını “iPhone 20” adı altında təqdim edəcək.
Bildirilib ki, yenilənmiş seriya kənardan-kənara uzanan dördtərəfli əyri ekran və fiziki düymələri əvəz edən bərk vəziyyətli düymələrlə təchiz oluna bilər.
“Digital Chat Station” şirkətin “iPhone 20 Pro Max” modeli üçün 6,96 düymlük ekran panelini sınaqdan keçirdiyini bildirib. Bu ekran hazırkı “iPhone 17 Pro Max” modelindən bir qədər böyük olsa da, eyni ekran nisbətini qoruyacağı üçün istifadə rahatlığının dəyişməyəcəyi vurğulanıb.
Məlumata görə, yeni seriyada ekranaltı “Face ID” texnologiyası, həmçinin yan hissələrdə daha möhkəm “Ceramic Shield” qoruması da yer ala bilər.
Bununla yanaşı, 20 illik yubileyə həsr olunacaq modellərin 6000 mAh tutumlu batareya və əks simsiz enerji paylaşımı dəstəyi ilə təqdim ediləcəyi də iddia olunub.
Bəsti Rəfizadə
Sfera.az
