Kafein niyə bəzi insanlara daha çox təsir edir?

Kafein niyə bəzi insanlara daha çox təsir edir?
Kateqoriya məlum deyil
T

Bəzi insanlar gün ərzində bir neçə fincan qəhvə içsə də rahatlıqla yata bilir, digərləri isə günortadan sonra içdiyi bir fincan qəhvədən sonra gecə yuxusuz qalır. Bunun əsas səbəblərindən biri orqanizmin kafeini nə qədər sürətlə parçalamağı ilə bağlıdır.

Sfera.az xəbər verir ki, kafeinin təsirinin insandan-insana dəyişməsində qaraciyərdə onun parçalanmasını təmin edən proses mühüm rol oynayır. Məlumata görə, kafeinin orqanizmdə qalma müddəti insandan asılı olaraq 6-20 saat arasında dəyişə bilər.

Kafein qəbul edildikdən sonra qana keçir və beyinə çatır. O, beyində yuxululuq hissinə səbəb olan adenozinin təsirini bloklayaraq insanın daha ayıq və enerjili hiss etməsinə səbəb olur. Lakin kafein əslində orqanizmə əlavə enerji vermir, yorğunluq hissini müvəqqəti olaraq maskalayır.

Araşdırmalara görə, qaraciyərin kafeini parçalama sürətində CYP1A2 adlı genin rolu var. Bu səbəbdən bəzi insanların kafeinə daha həssas olması və ya onu daha sürətlə metabolizə etməsi genetik xüsusiyyətlərlə əlaqəli ola bilər.

Mütəxəssislər yuxu problemi yaşamamaq üçün yatmazdan ən azı 6 saat əvvəl kafein qəbulunu dayandırmağı tövsiyə edirlər. Məsələn, saat 22:00-da yatmağa hazırlaşan şəxslərə saat 14:00-dan sonra kafein qəbul etməmək məsləhət görülür.

Kafeinin təsirinə bəzi dərmanlar, hamiləlik və siqaret istifadəsi də təsir göstərə bilər. Siqaret çəkənlərdə kafeinin parçalanması daha sürətli gedə bilər. Siqareti dayandırdıqdan sonra isə qəhvənin əvvəlkindən daha güclü təsir göstərməsi mümkündür.

Bəzi antibiotiklər, doğuşa nəzarət həbləri və digər dərmanlar isə kafeinin orqanizmdə daha uzun müddət qalmasına səbəb ola bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, müntəzəm qəhvə içən insanların orqanizmi zamanla kafeinə uyğunlaşa və onun təsirinə həssaslıq azala bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR