Günəş eynəyi alarkən bu səhvlərə yol verməyin

Günəş eynəyi alarkən bu səhvlərə yol verməyin
Kateqoriya məlum deyil
T

Yay aylarında günəş şüalarının intensivləşməsi ilə göz sağlamlığının qorunması daha da vacib məsələdir. Lakin mütəxəssislər bildirirlər ki, bir çox insan günəş eynəyi seçərkən ciddi səhvə yol verir və tünd rəngli və ya polyar linzaların gözləri avtomatik olaraq zərərli ultrabənövşəyi (UB) şüalardan qoruduğunu düşünür.

Sfera.az xəbər verir ki, oftalmoloq dr. Gökhan Özgür günəş eynəyi seçimi, kontakt linzalardan istifadə və yay aylarında göz sağlamlığının qorunması ilə bağlı vacib tövsiyələr verib.

Onun sözlərinə görə, günəş eynəyi alarkən diqqət edilməli ən vacib məqam məhsulun 100 faiz UB qorumasına malik olmasıdır. Həkim bildirib ki, tünd rəngli linzalar və ya polyarlaşdırılmış eynəklər yalnız işığın əks olunmasını azaldaraq görmə rahatlığını artırır. Bu xüsusiyyət xüsusilə avtomobil idarə edərkən dəniz kənarında və qarlı ərazilərdə üstünlük yaratsa da UB şüalarından qorunmanı təmin etmir. Buna görə də mütləq sertifikatlı və 100 faiz UB filtrinə malik günəş eynəklərinə üstünlük verilməlidir.

Dr. Özgür yay aylarında kontakt linzalardan istifadə edənlərin də ehtiyatlı olmasını tövsiyə edib. O bildirib ki, kontakt linzalarla dənizə və ya hovuza girmək, eləcə də duş qəbul etmək göz infeksiyası riskini əhəmiyyətli dərəcədə artırır. Suda olan bakteriya, göbələk və digər mikroorqanizmlər linzalara yapışaraq buynuz qişada ciddi problemlər yarada bilər. Bundan başqa, istifadə müddəti bitməsə belə 15 günlük və ya aylıq linzalarla yatmaq da göz sağlamlığı üçün təhlükəlidir.

Mütəxəssis həmçinin cəmiyyətdə geniş yayılan “göz əməliyyatları yayda aparılmamalıdır” fikrinin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, lazer, katarakt və digər göz əməliyyatları ilin istənilən fəslində təhlükəsiz şəkildə həyata keçirilə bilər. Əsas şərt əməliyyatdan sonra həkimin tövsiyələrinə əməl etmək və ilk günlərdə gözləri sudan qorumaqdır.

Dr. Özgür əlavə edib ki, yay aylarında uşaqlarda göz allergiyaları daha çox müşahidə olunur. Qaşınma zamanı gözləri ovuşdurmaq vəziyyəti ağırlaşdıra bilər. O, həmçinin uşaqların açıq havada vaxt keçirməsinin göz inkişafı üçün faydalı olduğunu, lakin onların zərərli günəş şüalarından qorunması məqsədilə 100 faiz UB qorumasına malik günəş eynəklərindən istifadə etmələrinin vacib olduğunu vurğulayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ