Üç rəssam 2026 Dünya Kubokunun rəsmi afişasını birgə hazırlayıb

2026-cı il FIFA Dünya Kubokunun rəsmi turnir afişasının hazırlanması üçün üç ölkəni təmsil edən rəssamlar – Kanadadan Karson Ting, ABŞ-dan Hank Willis Tomas və Meksikadan Minerva GM seçiliblər. Layihə ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyini əks etdirmək məqsədi daşıyır.
Sfera.az xarici mediaya istinadən məlumatına görə, rəssamlar bildiriblər ki, afişanın hazırlanması prosesi əsasən onlayn formatda həyata keçirilib. Onlar aylar ərzində WhatsApp və videozənglər vasitəsilə davamlı əlaqə saxlayaraq ideyalarını birgə formalaşdırıblar. Layihənin əsas məqsədi isə birlik, insanlıq və bayram ab-havasını əks etdirmək olub.
Afişanın konsepti müəyyənləşdirildikdən sonra hər bir rəssam öz yaradıcılıq üslubunu layihəyə əlavə edib. Karson Ting xətt işləmələri üzərində çalışıb, Minerva GM forma və teksturalara diqqət yetirib, Hank Willis Tomas isə konseptual yanaşmanı formalaşdırıb. Onların sözlərinə görə, yekun afişada hər üç sənətkarın fərdi üslubu aydın şəkildə hiss olunur.
Minerva GM afişada Meksikanın mədəniyyətini və futbol ənənələrini əks etdirən elementlərdən istifadə etdiyini bildirib. O, dizaynda sombrero, marakas, lucha libre maskaları və Meksika stadionlarının estetik xüsusiyyətlərinə yer verərək ölkəsinin bayram ruhunu nümayiş etdirmək istədiyini vurğulayıb.
Hank Willis Tomas isə layihənin ən önəmli tərəfinin yaradıcı əməkdaşlıq olduğunu qeyd edib. Onun sözlərinə görə, proses boyunca rəqabət hissi yaşanmayıb və bütün qərarlar ortaq müzakirələr nəticəsində qəbul olunub.
2026-cı il FIFA Dünya Kuboku tarixdə ilk dəfə olaraq ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.
Altay
