Peyklərin çoxalması təhlükə yaradır: "Yararsız hala düşə bilərlər"

Yer orbitində sürətlə artan peyklərin sayı gələcəkdə Yer səthindən aparılan astronomik müşahidələri demək olar ki, mümkünsüz edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanasının (ESO) alimlərinin apardığı yeni araşdırmada bildirilib.
Araşdırmanın rəhbəri, ESO-nun əməliyyatlar üzrə direktoru Olivye Eno bildirib ki, aşağı Yer orbitində peyklərin sayı 100 mini keçərsə, teleskoplarla əldə olunan bütün məlumatlar yararsız vəziyyətə düşə bilər.
Alimlər müxtəlif sayda və fərqli parlaqlığa malik peyklərin astronomik müşahidələrə təsirini modelləşdiriblər. Nəticələr göstərib ki, peyklər kifayət qədər zəif işıq saçarsa, astronomiya yeni şəraitə uyğunlaşa bilər. Lakin onların parlaqlığı müəyyən həddi keçərsə, müşahidələrin aparılması həm xeyli bahalaşacaq, həm də səmərəliliyini itirəcək.
Mütəxəssislərin sözlərinə görə, peyklər gecə səmasını iki istiqamətdə çətinləşdirir: onlar işıq çirklənməsini artırır və teleskopların çəkdiyi görüntülərdə parlaq izlər yaradır.
Alimləri xüsusilə ABŞ-nin "Reflect Orbital" şirkətinin layihəsi narahat edir. Şirkət Günəş işığını Yerə əks etdirmək üçün orbitə on minlərlə nəhəng güzgülü peyk buraxmağı planlaşdırır. Hesablamalara görə, layihə reallaşarsa, eyni anda Yer kürəsinin istənilən nöqtəsindən səmada yüzlərlə, hətta minlərlə çox parlaq süni obyekt görünə bilər.
Bundan əlavə, "SpaceX"in gələcəkdə böyük günəş panelləri ilə təchiz olunmuş bir milyon orbital məlumat mərkəzi yerləşdirmə planı da alimlər arasında narahatlıq yaradır. Mütəxəssislər hesab edirlər ki, ayrı-ayrı peyklər çox parlaq olmasa belə, onların sayının həddindən artıq çox olması astronomik müşahidələrə ciddi mənfi təsir göstərəcək.
Araşdırmada qeyd olunur ki, peyklərdən yayınmaq da mümkün deyil. Dünyanın ən qaranlıq müşahidə məntəqələri hesab edilən Çilidəki Atakama səhrası, Avstraliyanın ucqar bölgələri və Antarktida belə bu problemdən kənarda qalmayacaq.
Kral Astronomiya Cəmiyyətinin nümayəndəsi Robert Massey bildirib ki, insanlar tamamilə dəyişdirilmiş gecə səmasını görməyə razılıq verməyiblər.
Beynəlxalq Astronomiya İttifaqı isə gecə səmasının təbii parlaqlığının 10 faizdən çox artmasını astronomiya üçün ciddi təhlükə hesab edir. Alimlərin hesablamalarına görə, "Reflect Orbital" layihəsi həyata keçirilərsə, gecə səmasının parlaqlığı 300 faizə qədər arta bilər.
Hazırda Yer orbitində təxminən 14 min peyk fəaliyyət göstərir. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, qarşıdakı onilliklərdə Yer səthindən kainatı müşahidə etmək xeyli çətinləşə, hətta bəzi hallarda mümkünsüz ola bilər.
Firuzə Əliyeva
