Bal kimi qarpız seçməyin sirri: İllərdir istifadə edilən "şapalaqlama" üsulunu unudun!

Mütəxəssislər bildirir ki, yay süfrələrinin əvəzedilməzi olan qarpızı seçərkən artıq sadəcə səsini dinləmək kifayət etmir. Bazar və mağazalarda tez-tez tətbiq olunan, qarpıza vuraraq səsini yoxlamaq üsulu meyvənin ləzzəti haqqında dəqiq məlumat vermir. Ekspertlərin fikrincə, çıxan tox səs qarpızın şirinliyini deyil, sadəcə meyvənin daxilindəki su sıxlığını göstərir. Yəni sadəcə səsə güvənmək sizi aldada bilər. Ən şirin, sulu və tam yetişmiş qarpızı seçmək üçün daha praktiki və elmi üsullar mövcuddur.
Sfera.az xəbər verir ki, bunun üçün qarpızın qabığındakı təbii işarələrə, formasına və sapına xüsusi diqqət yetirmək lazımdır.
Vitrindəki ən dadlı qarpızı tapmağın qızıl qaydaları:
·Qabığındakı qəhvəyi tor izləri: Qarpız seçərkən ilk baxılmalı olan yerlərdən biri qabığın üzərindəki qəhvəyi, tora bənzər cızıqlardır. Bu cızıqlar qarpız hələ çiçək mərhələsindəykən arıların onu nə qədər çox ziyarət etdiyini göstərir. Qabığındakı bu tor nə qədər sıx və bəlli dərəcədədirsə, tozlanma bir o qədər uğurlu olub. Bu isə birbaşa qarpızın daha şirin və dadlı olması deməkdir. Mükəmməl və hamar görünənlər əvəzinə, bu cür təbii izləri olan qarpızları seçmək daha doğrudur.

·Meyvənin forması: Qarpızın forması onun dadının xüsusiyyəti barədə ipucu verir. Uzunsov və oval formadakı qarpızlar adətən daha sulu və sərinləşdirici olur. Əgər gözləntiniz sadəcə serinləmək deyil, həm də sıx bir şirinlik və aroma almaqdırsa, vitrindəki daha yumru qarpızlara üstünlük verməlisiniz.

·Sapın forması və vəziyyəti: Qarpızın sapı onun dərilmə vaxtı və yetişkənliyi haqqında mühüm siqnallar ötürür. Sapın sadəcə qurumuş olması bəs etmir, onun formasına da baxmaq lazımdır. Sapı dümdüz olan qarpızlar çox vaxt vaxtından əvvəl, yəni hələ tam yetişmədən dərilib. Öz ətrafında yüngülcə bükülmüş, spiralvari görünüşə sahib qurumuş saplar isə qarpızın tağında uzun müddət qaldığını və daddan tam yetişdiyini sübut edir.
Altay
