“Qulaq qurdu” nədir?

“Earworm” və ya “Qulaq qurdu” kimi də tanınan bu vəziyyətlə hamımız qarşılaşırıq. Bir günümüz belə yeni bir terminlə tanış olmadan keçmir.
Sfera.az bu yazıda sizə məhz “Qulaq qurdu” haqqında məlumat təqdim edir.
“Qulaq qurdu” bütün gün bir mahnının başımıza ilişib qalması kimi tanınan, əslində hamımızın yaşadığı bir vəziyyətdir. Əlbəttə ki, bir çoxumuz bunun qulaq qurdu adlandığını bilmirik. Bəzilərimiz beynimizdə bu kiçik konsertlərdən zövq alsaq da, digərləri eyni musiqini təkrar-təkrar zümzümə etməkdən narahatdırlar. “Qulaq qurdu” və ondan qurtulmaq üçün bilməli olduğunuz məlumatları sizin üçün toplamışıq.
Yəqin ki, gün ərzində kafelərdə, restoranlarda, barlarda, küçələrdə və ya radioda eşitdiyiniz bir mahnının beyninizdə ilişib qalması ilə qarşılaşmısınız.
Mahnı melodiyalarının gün ərzində istənməyən və təkrarlanan zümzüməsinə “earworm” deyilir.
Dilimizə "qulaq qurdu" kimi tərcümə edəilən bu vəziyyət düşündüyümüzdən daha çox yayılmışdır. Son tədqiqatlar insanların 90%-nin qulaq qurdundan əziyyət çəkdiyini iddia edir.
Bəs qulaq qurdu ilə mübarizə aparmaq mümkündürmü?
Mahnının müəyyən bir hissəsini dəfələrlə zümzümə etmək bir müddət sonra qıcıqlandırıcı ola bilər. Əlbəttə ki, qulaq qurdu ilə mübarizə aparmaq üçün bəzi üsullar var. Lakin bu üsulların 100% uğurlu olduğunu deyə bilmərik.
Saqqız çeynəməyə çalışın:
Psixoloq Filip Biman və həmkarları saqqız çeynəyən universitet tələbələrində qulaq qurdlarının daha az olduğunu aşkar ediblər. Saqqız çeynəyərkən, sakitcə oxuyarkən, danışarkən və ya mahnı oxuyarkən etdiyimiz kimi, subvokal artikulyatorları da aktivləşdiririk. Bu subvokalizasiyalar beynimizin şifahi və ya musiqi yaddaşı yaratmaq qabiliyyətini azaldır.
Diqqəti yayındırma başqa bir üsuldur:
Mütəxəssislərin fikrincə, ən təsirli yayındırma şifahi və ya musiqilidir. Şeir oxuyun, fərqli bir mahnı dinləyin və ya bir alətdə ifa edin. Qulaq qurdları fonoloji dövr adlanan yaddaş və məşq dövrünü aktivləşdirməklə işləyir. Eyni dövrəni başqa bir fəaliyyətlə məşğul etsəniz, qulaq qurdu üçün yer qalmır.
Qulaq qurdlarının qarşısını almaq üçün nə edə bilərsiniz?
Əvvəlcə mahnını sona qədər dinləyin, istəsəniz bir az müxtəliflik əlavə edin. Qulaq qurdlarınızı görməməzlikdən gəlməyə çalışın. Saqqız çeynəyin və maraqlı bir şey etməyə çalışın. Bəzi mütəxəssislər qulaq qurdlarının diqqətin az olduğu hallarda baş verdiyinə inanırlar. Diqqətinizi bir şeyə yönəltmək də qulaq qurdlarından qurtulmağınıza kömək edə bilər. Lakin, bütün bu üsullar qulaq qurdlarına gəldikdə təsirsiz ola bilər. Mütəxəssislər deyirlər ki, təxminən 20 ildir eyni melodiyanı başlarında təkrarlayan insanlar var. Kim bilir, bəlkə də həll yolu bu konsertlərdən beyində zövq almaqdır.
Aynil
