Ucuz telefonlar sıradan çıxacaq — Bazar böhranla üz-üzədir

Ucuz telefonlar sıradan çıxacaq — Bazar böhranla üz-üzədir
Kateqoriya məlum deyil
T

Süni intellekt (Sİ) sektorunda artan tələbat operativ yaddaş (RAM) bazarında ciddi təzyiq yaradıb və bu prosesin smartfon qiymətlərinə birbaşa təsir edəcəyi gözlənilir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya sahəsində tədqiqat aparan "International Data Corporation" (IDC) şirkətinin yayımladığı yeni hesabatda bazarın görünməmiş böhranla üz-üzə olduğu bildirilir.


Hesabata əsasən, qlobal smartfon bazarı 2026-cı ildə 12,9 faiz kiçilə bilər. Bu azalmanın miqyası hətta pandemiya dövründə müşahidə olunan geriləməni də geridə qoya bilər. Analitiklər qeyd edirlər ki, süni intellekt tətbiqlərini dəstəkləmək üçün məlumat mərkəzlərində (data centers) qlobal yaddaşa olan yüksək tələbat RAM tədarükünü azaldıb və istehlakçı cihazlarının istehsalını risk altına salıb.


Artan aparat xərcləri xüsusilə aşağı qiymət seqmentində (büdcəli modellər) fəaliyyət göstərən istehsalçılar üçün ciddi problem yaradır. Aşağı mənfəət marjası ilə çalışan şirkətlər üçün giriş səviyyəli modellərin istehsalı iqtisadi baxımdan səmərəsiz hala gəlir. Nəticədə, bəzi istehsalçılar texniki xüsusiyyətləri (RAM həcmini və s.) azaltmağa, digərləri isə gəlir gətirməyən ucuz modelləri bazardan tamamilə çıxarmağa başlayıblar.


Tədqiqatçılar vurğulayırlar ki, hətta təchizat zənciri sabitləşsə belə, yaddaş qiymətlərinin əvvəlki səviyyəyə qayıtması real görünmür. Bu isə “ucuz smartfonlar dövrü”nün faktiki olaraq başa çatması deməkdir. Xüsusilə aşağı qiymət seqmentinə fokuslanan Android istehsalçılarının bu böhrandan daha çox təsirlənəcəyi proqnozlaşdırılır.


Yüksek mənfəət marjasına malik texnologiya nəhəngləri, o cümlədən “Apple”, artan xərcləri istehlakçılara daha az hiss etdirməklə bu böhranın təsirlərini nisbətən yumşalda bilər. Buna baxmayaraq, iri brendlər artıq mümkün qiymət artımları ilə bağlı xəbərdarlıq etməyə başlayıblar.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ