Deputat Çin dili öyrənməyə başladı

"Bu gündən Çin dilini öyrənməyə başlayıram. Hesab edirəm ki, bu, sadəcə fərdi qərar deyil, gələcəyə yönəlmiş strateji seçimdir. Dünya sürətlə dəyişir və qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biri artıq Çindir. Ticarət, texnologiya, sənaye, süni intellekt, logistika – bir çox sahədə Çin ön sıradadır".
Sfera.az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev məlumat verib.
"Düşünürəm ki, yaxın illərdə Çin və Çin dili daha da önəmli olacaq. Bu reallığı indidən görmək və hazırlaşmaq lazımdır. Necə ki, bir zamanlar ingilis dili qlobal ünsiyyət vasitəsinə çevrildi, Çin dili də böyük iqtisadi və siyasi güc fonunda təsir dairəsini genişləndirir.
Hətta hesab edirəm ki, orta məktəblərdə Çin dilinin tədrisi mərhələli şəkildə tətbiq olunmalıdır. Uşaqlarımız gələcəyin dünyasına hazır olmalıdırlar. Kim qlobal iqtisadi prosesləri anlayır və böyük bazarlarla birbaşa ünsiyyət qura bilirsə, o daha üstün mövqedə olur.
Gecikməyək. Bu gün atılan addım sabahın üstünlüyünə çevrilir. Uşaqlarınıza Çin dilini öyrənmək imkanı yaradın, bu, onların gələcək karyerasına və dünyagörüşünə böyük töhfə verə bilər", - R.Nurullayev qeyd edib.
Firuzə Əliyeva
Sfera.az

