Tarixin ən qanlı “Sevgililər Günü”

1920-ci illər ABŞ-da mütəşəkkil cinayətkarlığın ən aktiv olduğu illər idi. 14 Fevral 1929-cu il ölkə misli görünməmiş bir qırğına şahid olub. Baş verdiyi günə görə "Sevgililər Günü Qırğını" kimi tanınan hadisə dövlət aparatında korrupsiyanın miqyasını, eləcə də Amerikadakı dəstə müharibələrini ortaya qoyub.
Sfera.az sizə təkcə ABŞ-da deyil, bütün dünyada böyük ajiotaj yaradan "Sevgililər Günü Qırğını" haqqında yazı təqdim edir.
1920-ci illərin yeraltı dünyası
ABŞ 1900-cü illərdən etibarən "hadisələrlə dolu" dövrlər yaşayırdı. İncəsənətdən siyasətə qədər hər sahədə əhəmiyyətli dəyişikliklər baş verirdi. Lakin, xüsusən də 1920-ci illərin sonlarına doğru ortaya çıxan iqtisadi və sosial problemlər ABŞ-ın bir çox şəhərlərini cinayətkar təşkilatlar üçün sığınacağa çevirdi. Ölkə daxilində bu təşkilatlar arasında dəhşətli və qanlı münaqişələr baş verirdi.
1920-ci ildə ölkə miqyasında başlayan "qadağan"la cinayətkarlıq səviyyəsi xeyli artdı. Ölkə daxilində yaranan dəstələr, əsasən qanunsuz ticarət, müxtəlif qanunsuz fəaliyyətlər vasitəsilə güclənirdi. Dəstələr gücləndikcə, aralarındakı güc mübarizələri daha da şiddətlənirdi.
"Sevgililər Günü qırğını"
14 fevral 1924-cü ildə dəstələr arasında güc mübarizəsinin ən bariz nümunələrindən biri baş verdi. Çikaqoda məşhur mafiya başçısı Al Kaponenin rəhbərlik etdiyi dəstə ilə onların əzəli rəqibləri, Corc Moranın rəhbərlik etdiyi başqa bir dəstə arasında qanlı qarşıdurma baş verdi.
Al Kapone tərəfindən Şimali Klark küçəsindəki qaraja göndərilən dörd və ya beş dəstə üzvü, bəziləri polis məmuru kimi gizlənmişdi. Rəqib dəstənin yeddi üzvü içəridə idi. Al Kaponenin adamları özləri ilə gətirdikləri pulemyotlardan istifadə edərək "düşmənlərini" vəhşicəsinə qətlə yetirdilər. Qırğından sonra "sözdə polis" digər dəstə üzvlərini "həbs edərək" sakitcə hadisə yerindən uzaqlaşıb.
Vurulan dəstə üzvlərindən altısı hadisə yerində ölüb. Ağır yaralanan dəstə üzvü xəstəxanaya aparılıb. Xəstəxanada polis dindirilməsi zamanı 15 güllə yarası almasına baxmayaraq, o, "Məni heç kim vurmadı" deyərək qısa müddət sonra vəfat edib.
Mətbuat tərəfindən "Sevgililər Günü Qırğını" adlandırılan bu dəhşətli hadisə uzun müddət milli xəbərləri zəbt etdi. Hadisənin dəhşətli fotoşəkilləri günlərlə yayıldı. Qırğının səbəbləri ilə bağlı bir çox nəzəriyyə irəli sürüldü. Lakin bütün dəlillər Al Kaponeyə işarə etsə də, nə Al Kapone, nə də başqası məsuliyyətə cəlb olunmadı. Beləliklə, "Sevgililər Günü Qırğını" Amerikada ən məşhur sirri açılmamış qətllər seriyası kimi tarixə düşdü.
Qırğından və Al Kaponenin yüksəlişindən sonra nə baş verdi?
Corc Moran hücumun hədəfi olsa da, hücum zamanı hadisə yerində olmadığı üçün sağ qalmağı bacardı. Lakin "Sevgililər Günü Qırğınından" sonra Moran bütün nüfuzunu və gücünü itirdi. Beləliklə, Al Kapone məqsədinə çatdı və yeraltı dünyadakı ən böyük rəqibini aradan qaldırdı. Bunun sayəsində Kaponenin cinayətkar təşkilatı gündən-günə böyüməyə davam etdi və şəhəri tamamilə nəzarətə götürdü.
Qırğınla birlikdə ortaya çıxan "korrupsiya"
“Sevgililər Günü qırğını”nın sirri açılmamış bir iş kimi qeydə alınmasının ən vacib səbəbi polis qüvvələrindəki korrupsiya idi. Əslində, qırğından əvvəl Al Kapone tez-tez müxtəlif cinayətlərə görə həbs olunurdu. Lakin hər dəfə heç bir cəza almadan qaçmağı bacarırdı. Kaponenin polis və məhkəmə sistemindəki çoxsaylı vəzifəli şəxsləri "satın aldığı" da məlum idi. Hətta Çikaqo polis rəisi Kaponedən həftəlik 5000 dollar "maaş"
“Sevgililər Günü qırğını”na "göz yummuş" digər bir bölmə isə FTB idi. Onlar qırğının "yerli" bir iş olduğunu iddia edərək xüsusi araşdırma başlatmaqdan imtina etdilər. Bəzilərinə görə, FTB-nin daha vacib işləri var idi. Bəzilərinə görə, Al Kapone bəzi rəhbərlərə "maaş" ödəyir, digərlərini isə şantaj edirdi. Nəticədə, “Sevgililər Günü qırğını”nın "sirri" heç vaxt açılmadı və günahkarlar heç vaxt tapılmadı.
Aynil








