Dinşünas: "Cənnətin bəşəriyyətdən gizli olması haqda Quranda dəlil yoxdur"

Xəbər verdiyimiz kimi, cənnətin kainatda real və fiziki məkanda ola biləcəyi ilə bağlı iddialar meydana gəlib.
Belə ki, keçmiş “Harvard” Universiteti fizika professoru və elm kommunikasiyası üzrə mütəxəssis Maykl Qilyen cənnətin sadəcə dini və metafizik anlayış deyil, kainatda real və fiziki bir məkan ola biləcəyi ilə bağlı iddia irəli sürüb.
Qilyen bildirib ki, insan ruhunun ən böyük həsrəti kimi təqdim olunan cənnət kainatın müəyyən bir nöqtəsində mövcud ola bilər. Qilyen hətta bu bölgənin Yerdən təxminən 439 kvadrilyon kilometr uzaqlıqda, “sirli üfüq” adlandırdığı sərhəddən kənarda yerləşə biləcəyini irəli sürüb.
Maraqlıdır ki, bu kimi iddialar dini baxımdan necə qarşılanır? Belə fikirlərin reallıq payı nə qədər ola bilər?
Sfera.az-a mövcud məsələ ilə bağlı açıqlama verən dinşünas Tural İrfan bu kimi mövzulara əsasən orta əsrlərdə formalaşmış İslam kəlam alimləri və filosofları tərəfindən də toxunulduğunu deyib. Dinşünasın fikirinə əsasən, elmlə dini uzlaşdırıb müxtəlif məsələlərə ağılla cavab tapmağa çalışıblar:

“O dövrün fəlsəfə – kəlam məktəblərindən olan Mötəzilənin bəzi alimlərinin qənaətinə görə Cənnət və Cəhənnəm hələ mövcud deyil. Qiyamət günündən sonra yaradılacaqdır. Bəzilərinin fikrincə isə hazırda mövcuddur, sadəcə onun məkanı bəşəriyyət üçün hələ məlum deyil. Təbii ki, kainatın hansısa qatında Cənnətin mövcudluğu mümkündür. Çünki kainatda saysız-hesabsız ulduzlar və planetlər var. Bu qədər xilqət şübhəsiz ki, əbəs yerə yaradılmayıb. Demək hərəsinin öz funskiyası var və çoxunda həyat da var. Cənnətin harada olması haqda sadəcə fərziyyələr mövcuddur. Adəmin çıxdığı Cənnətin yer üzündə olduğunu düşünənlər də var. Kainatda Cənnətin yerini elmi cəhətdən müəyyən etmək mümkün olsa da təbii ki, ora heç bir müdaxilə mümkün olmayacaq. Artıq elmi yöndən Allahın, axirətin və Cənnətin varlığının sübutu təsdiq olunmuş olacaq. Allahın xəlq etdiyi Cənnət və ya Cəhənnəm kimi yerlərin yerini tapmaq dinə görə təəccüblü deyil. Çünki buna hamı inanır ki, haradasa belə bir şey var. Amma elm adamları üçün nadir tapıntı və kəşf sayıla bilər2.
T.İrfan Cənnətin bəşəriyyətdən gizli olması haqda da Quranda dəlilin olmadığını qeyd edib:
"Demək onun yerini də müəyyən etmək olar. Şübhəsiz ki, insan onun yerini tapsa bu dünyanın, bəlkə də kainatın sonu olacaq. Çünki insan bir çox kəşfləri yalnız mənfi məqsədlər və kütləvi qırğın üçün istifadə edir. Əgər Cənnətə əl atsa mütləq oranı da korlaya bilər. Mümkündür ki, sözü gedən həmin "sirli üfüq" sadəcə başqa həyatın və dünyanın olduğu məkandır. Oranın Cənnət olması ehtimalı zənndir və ya bəlkə də Cəhənnəmdir. Elə kəşf olunan kimi də Allahın işinə müdaxilə etdiyi üçün insanlığı udacaq? bunlar fərziyyələrdir və adətən inanılır ki, Cənnət və Cəhənnəm kimi yerlər ilahi sirlərdəndir. Allah izn vermədikcə insan ora yol tapa bilməz”.
Fidan Hacızadə
Sfera.az
