Ekzoplanetlər kainatın qaydalarını dəyişir? - FOTO

Astronomiya dünyasında son dövrlərin ən maraqlı kəşflərindən biri “LHS 1903” adlı qırmızı ulduzun ətrafında aşkar edilən qeyri-adi planetar sistemlə bağlıdır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq tədqiqat qrupu tərəfindən dərc olunan araşdırmaya əsasən, bu sistemdə planetlər indiyədək qəbul olunmuş klassik düzülüş modelinə uyğun gəlmir. Alimlərin uzun illərdir əsas götürdüyü nəzəriyyəyə görə, ulduza ən yaxın orbitlərdə əsasən qayalı planetlər formalaşır, daha uzaq məsafələrdə isə qaz və buz nəhəngləri yerləşir. Buna səbəb kimi ulduzdan gələn güclü şüalanmanın yaxın məsafədəki planetlərin yüngül qaz qatını süpürüb aparması, uzaq orbitlərdə isə planetlərin qalın atmosferlərini qoruyaraq qaz nəhənginə çevrilməsi göstərilir.
Bu modelə Günəş sistemimiz də nümunədir: Merkuri, Venera, Yer və Mars kimi qayalı planetlər mərkəzə yaxın yerləşir. Yupiter və Saturn kimi qaz nəhəngləri isə daha uzaq orbitlərdə fırlanır. Lakin təxminən 116 işıq ili uzaqlıqda, Vaşaq bürcündə yerləşən “LHS 1903” sistemi bu qaydanı pozur. Sistem dörd ekzoplanetdən ibarətdir. Avropa Kosmik Agentliyi tərəfindən idarə olunan “CHEOPS” peykinin topladığı məlumatlara görə, ulduza ən yaxın planet qayalıdır. Onun ardınca iki qaz nəhəngi yerləşir. Ən diqqətçəkən məqam isə sistemin ən kənarında yenidən qayalı bir planetin mövcudluğudur. Uorvik Universitetinin aparıcı tədqiqatçısı Tomas Uilson bildirib ki, qaz nəhənglərindən daha kənarda qayalı planetin formalaşması indiyədək demək olar ki, müşahidə olunmayıb. Bu isə sistemin sanki “içəridən xaricə” deyil, əksinə, “xaricdən daxilə” doğru formalaşdığını göstərir.
Araşdırma qrupu planetlərin yer dəyişməsi və ya böyük toqquşmalar kimi ehtimalları da nəzərdən keçirib. Lakin ilkin nəticələr bu ssenariləri zəif ehtimal kimi qiymətləndirir. “CHEOPS”un məlumatları planetlərin eyni vaxtda deyil, zamanla mərhələli şəkildə formalaşdığını göstərir. Xüsusilə ən kənardakı qayalı planetin sistemdə qaz ehtiyatının böyük ölçüdə tükəndiyi dövrdə yaranmış ola biləcəyi ehtimal edilir. Tədqiqata töhfə verən “ESA” alimi İzabel Rebollido vurğulayıb ki, getdikcə daha çox ekzoplanet sistemi Günəş sisteminə bənzəmir. Digər alim Maksimilian Günter isə planetlərin yaranması ilə bağlı ənənəvi modellərin kainatdakı müxtəlifliyi izah etmək üçün kifayət etmədiyini bildirib. Bildirilib ki, “LHS 1903” kimi sistemlər planetlərin necə formalaşdığını və zamanla necə təkamül etdiyini yenidən nəzərdən keçirməyə vadar edir. Bu tip kəşflər yaxın illərdə astronomiya elminin nəzəri əsaslarında ciddi dəyişikliklərə səbəb ola bilər.
Fidan Hacızadə
Sfera.az

