"YouTube"un ilk videosu muzeydə sərgilənir

"YouTube" platformasında paylaşılan ilk video artıq muzey eksponatına çevrilib. Londondakı Viktoriya və Albert muzeyi platformanın başlanğıcını simvolizə edən "Me at the zoo" adlı videonu kolleksiyasına daxil edib.
Sfera.az xəbər verir ki, platformanın həmtəsisçisi Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənən 19 saniyəlik görüntülər San-Dieqo zooparkındakı filləri əks etdirib.
Videoda 25 yaşlı Kərim görünür. Tarixi paylaşım bu günədək 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb.
Muzey yalnız videonu deyil, həm də həmin dövrə aid "YouTube" səhifəsinin yenidən qurulmuş versiyasını da əldə edib. Rəqəmsal qoruma komandası platformanın 8 dekabr 2006-cı il tarixli dizaynını bərpa etmək üçün 18 ay davam edən araşdırma aparıb.
Muzeyin baş kuratoru Korinna Qardner bildirib ki, bu material internet və rəqəmsal dizayn tarixində mühüm mərhələni təmsil edir. "YouTube" rəhbəri Nil Mohan isə erkən dövr izləmə səhifəsinin yenidən qurulmasının ictimaiyyəti qlobal mədəni fenomenin başlanğıcına apardığını vurğulayıb.
Video hazırda "V&A South Kensington"dakı "Design 1900-Now" qalereyasında nümayiş etdirilir. Yenidənqurma prosesi ilə bağlı əlavə materiallar isə Stratforddakı "V&A East Storehouse"da təşkil olunacaq ayrıca sərgidə təqdim ediləcək.
Bəsti Rəfizadə
Sfera.az
