Səmada təəccüblü dad təcrübəsi

Təyyarə yeməkləri uzun illərdir sərnişinlər arasında böyük müzakirə mövzusuna çevrilib. Bəziləri onları dadsız və gözləntilərdən aşağı hesab edir, bəziləri isə səyahət təcrübəsinin ayrılmaz hissəsi kimi qiymətləndirir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, son günlərdə "Ryanair" sərnişini Mayk Krosbi təyyarə yeməyi ilə bağlı məyusluğunu ifadə edib.
Krosbi bildirib ki, uçuş zamanı təqdim olunan menyu reklam şəkillərində göstəriləndən fərqli olub.
Oxşar şikayətlərə xüsusilə qısa məsafəli və ucuz uçuşlarda daha çox rast gəlinir.
Buna baxmayaraq, bəzi sərnişinlər təyyarə yeməyini sevdiklərini bildirirlər. "Daily Mail" yazarı Cini Harrison təyyarədə verilən isti yeməklərin uçuş təcrübəsinin demək olar ki, ritual hissəsinə çevrildiyini vurğulayıb.
Hətta uzun məsafəli uçuşlarda və yuxarı kabin siniflərində təqdim olunan yeməklər restoran keyfiyyətinə yaxın hesab edilir. "Thrifty Traveler"in redaktoru Kayl Potter Yaponiya Hava Yolları ilə Tokioya birinci sinif uçuşunda qarşılaşdığı geniş menyunun onun təyyarə yeməyi qavrayışını tamamilə dəyişdiyini deyib.
"The Points Guy" yazarı Medison Blankaflor isə "Virgin Atlantic" ilə uçuşunda təqdim olunan tərəvəz şorbasının həm dadı, həm də təqdimatı ilə onu heyrətləndirdiyini bildirib.
"Qatar Airways" ilə uçan Dr. Şarmeyn Lamsin isə birinci sinifdə kürü xidmətinin təyyarə yeməklərinə baxışını tamamilə dəyişdirdiyini və kiçik porsiyalara baxmayaraq, çox məmnunedici olduğunu qeyd edib.
Göründüyü kimi, təyyarə yeməkləri sərnişinlər üçün həm məyusluq, həm də xoş təəccüb mənbəyi ola bilir.
Mənsumə
Sfera.az
