Vüsalə Əlizadə böyrək köçürmə əməliyyatı etdirdi - VİDEO

Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı keçirdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə jurnalist Pərviz Hüseynin “Pərvizə görə” proqramında danışıb.
Vüsalə Əlizadə bildirib ki, vaxtilə anasının ona verdiyi böyrək bir müddət sonra fəaliyyətini itirib. İkinci dəfə isə donor onun bacısının həyat yoldaşı olub:
“Qızımın 6 yaşı var idi. İkinci dəfə həmin acını yaşamaq mənim üçün ikiqat çətin idi. İlk əməliyyat zamanı atam yanımda idi və dərdsiz bir qız idim. Amma 8 il əvvəl tək qadın idim və gözümün içinə baxan bir körpəm var idi. Çox əziyyətli günlər yaşadıq. Hər ay müalicə üçün İrana gedib-gəlirdim, böyük məbləğlər xərclənirdi. İranda həkimlər dedilər ki, mart ayına qədər vaxt var, böyrək tam dayanacaq. Böyrək əməliyyatı keçirmiş tanışımdan həkimin nömrəsini aldım. Həkim İstanbulda idi. Türkiyəyə getmək istəyirdik, amma İranda hava şəraiti pis idi, qar yağırdı, təyyarələr uçmurdu. Nəhayət, İstanbula çatdıq. Həkim dedi ki, kaş sizə bir ay əvvəl məlumat verərdilər. Ona yalvardım ki, mənə ölməyə icazə verməsin. Qızımın ad günü yaxınlaşırdı. Fevralın 7-də dializ oldum, 10-da qızım Diləyin ad gününü qeyd etdik, 11-də isə yenidən İstanbula qayıtdıq.
Ailədə hər kəs analiz verdi ki, uyğun gəlsə, mənə böyrəyini bağışlasın. Qardaşım çox istədi donor olsun, amma icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Elşən isə mənim donoruma çevrildi”.
Qeyd edək ki, Vüsalə Əlizadənin ikinci böyrək köçürmə əməliyyatı 8 il əvvəl həyata keçirilib.
Fidan Hacızadə
Sfera.az
