Kosmosdakı şəhər planı: İlon Mask Marsdan Aya yönəlir

Kosmosdakı şəhər planı: İlon Mask Marsdan Aya yönəlir
Kateqoriya məlum deyil
T

"SpaceX"in qurucusu İlon Mask illərdir ki, əsas hədəfinin Mars olduğunu açıq şəkildə bəyan edirdi. 2002-ci ildə yaradılan şirkətin missiyası Qırmızı Planetin kolonizasiyası və bəşəriyyətin çoxplanetli növə çevrilməsi idi. Hətta Musk bir müddət əvvəl Ay layihələrini diqqəti əsas məqsəddən yayındıran istiqamət kimi qiymətləndirmişdi.

 

Lakin son açıqlamalar strategiyada müvəqqəti dəyişikliyin anonsu kimi dəyərləndirilir. Mask bildirib ki, şirkət yaxın illərdə prioriteti Ayda özünü təmin edən şəhərin qurulmasına verir.

 

Sfera.az xəbər verir ki, Mask sosial şəbəkə hesabında yazıb ki, Ayda özünü təmin edən şəhər qurmaq potensial olaraq 10 ildən az vaxt tələb edə bilər. Mars layihəsi isə daha uzun - 20 ildən artıq zaman çərçivəsində reallaşa bilər.

 

Bunun əsas səbəbi texniki və logistik məhdudiyyətlərlə bağlıdır. Marsa uçuşlar planetlərin uyğun mövqedə olduğu təxminən 26 aylıq intervallarla mümkündür və bir istiqamətə səyahət təxminən 6 ay çəkir. Aya uçuşlar isə daha qısa zaman kəsiyində, təxminən 2 günə başa gəlir və daha tez-tez həyata keçirilə bilər. Bu isə sınaq və inkişaf prosesinin daha sürətli iterasiya olunmasına imkan yaradır.

 

Strategiyanın mərkəzində tam təkrar istifadə edilə bilən ağır daşıyıcı raket sistemi - "Starship" dayanır. Mask bildirib ki, orbitdə yanacaq doldurma texnologiyasının inkişafı "Starship"in Aya böyük həcmdə yük daşımasına imkan verəcək.

 

Onun sözlərinə görə, Ayda elmi və sənaye məqsədli daimi baza yaradılması mümkündür. Hətta gələcəkdə Ayda yerli resurslardan istifadə etməklə peyklər istehsal edilə və daha dərin kosmosa göndərilə bilər. Mask bu modeli uzunmüddətli perspektivdə bəşəriyyətin enerji potensialını artıracaq addım kimi qiymətləndirir.

 

Bu kontekstdə o, 1964-cü ildə sovet alimi tərəfindən irəli sürülmüş "Kardashev scale"a da istinad edib. Həmin şkalaya görə sivilizasiyalar enerji istehlakı səviyyəsinə əsasən təsnif edilir. Bəşəriyyət hazırda I tip sivilizasiya səviyyəsinə belə çatmayıb.

 

Mask strategiya dəyişikliyinin arxasında təhlükəsizlik motivinin də dayandığını vurğulayıb. Onun fikrincə, Yer kürəsində baş verə biləcək təbii və ya insan mənşəli fəlakət təchizat zəncirlərini kəsə və kosmik koloniyaların məhv olmasına səbəb ola bilər. Ayda daha tez qurula biləcək özünü təmin edən şəhər bu risklərə qarşı alternativ ssenari kimi qiymətləndirilir.

 

Bununla belə, "SpaceX" Mars planlarından imtina etmir. Mask bildirib ki, Mars layihəsi yol xəritəsində qalır və təxminən 5-6 il ərzində aktiv mərhələyə keçə bilər. Hətta 2031-ci ildə Marsa ekipajlı uçuş ehtimalı da istisna edilmir.

 

Ay planları tamamilə yeni deyil. 2021-ci ilin aprelində NASA, 2030-cu ilə qədər Ayda davamlı insan mövcudluğunu hədəfləyən "Artemis" program çərçivəsində ilk ekipajlı Ay enişi üçün "Starship"i seçmişdi.


Hazırkı plana əsasən, "Starship" 2028-ci ildə nəzərdə tutulan "Artemis" III missiyası çərçivəsində astronavtları Ay səthinə çatdırmalıdır. Bunun üçün əvvəlcə Artemis II missiyasının uğurla icrası vacib sayılır.


Lakin "Starship" hələ tam orbital sınaq uçuşu həyata keçirməyib. Proqramın əsas mərhələlərindən biri orbitdə yanacaq doldurma qabiliyyətinin sübut edilməsidir. Hər Ay missiyası üçün təxminən 10-12 tanker buraxılışının tələb oluna biləcəyi bildirilir.

 

Kosmik bazarda rəqabət də güclənir. "Blue Origin" də Ay layihələrinə fokuslanır. Şirkətin qurucusu Jeff Bezos kosmos sektorunda "SpaceX"ə əsas rəqiblərdən hesab olunur.


NASA rəhbərliyi səviyyəsində də müzakirələr gedir. Agentliyin hazırkı rəhbəri, "SpaceX" ilə iki dəfə orbitə uçmuş milyarder Jared Isaacman olsa da, "Starship"in inkişaf tempi ilə bağlı zaman-zaman narahatlıqlar səsləndirilir.

 

Beləliklə, "SpaceX" strategiyasını tam dəyişməsə də, prioriteti müvəqqəti olaraq Aya yönəldir. Mask hesab edir ki, Ayda özünü təmin edən şəhər daha qısa müddətdə reallaşa bilər və bu, həm təhlükəsizlik, həm də texnoloji baxımdan Marsa gedən yolun mühüm mərhələsi ola bilər.

 

Mars isə uzunmüddətli hədəf kimi qalır, lakin görünən odur ki, bəşəriyyətin kosmik gələcəyi ilk olaraq Yerə ən yaxın səma cismində formalaşa bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ