Bu il dünya ölkələrinin hərbi büdcəsi nə qədərdir? - ARAŞDIRMA

2026-cı il üzrə beynəlxalq müdafiə statistikalarının təhlili göstərir ki, qlobal təhlükəsizlik mühitində davam edən geosiyasi gərginliklər əsas hərbi güclərin büdcələrində artım tendensiyasını gücləndirib.
“Global Fire Power”ə əsaslanan məlumatlara görə, bir sıra aparıcı ölkələr 2026-cı ildə hərbi xərclərini ya rekord səviyyəyə çatdırıb, ya da əvvəlki illərlə müqayisədə artırıb.
Sfera.az-ın araşdırmasına əsasən, hərbi büdcəsinə görə liderlik ABŞ-yə məxsusdur. ABŞ 2026-cı maliyyə ili üçün təxminən 900-901 milyard dollar həcmində müdafiə büdcəsi təsdiqləyib. Bu göstərici ölkəni açıq fərqlə dünyanın ən böyük hərbi büdcəsinə malik dövləti olaraq saxlayıb.

Çin 2026-cı ildə təxminən 303-314 milyard dollar aralığında müdafiə büdcəsi ilə ikinci yerdə qərarlaşıb. Pekin son illərdə hərbi modernizasiya prosesini sürətləndirərək donanma, hipersəsli raket sistemləri və yüksək texnologiyalı silah proqramlarına ciddi investisiya yatırıb. Çin büdcəsi rəsmi olaraq açıqlanan rəqəmlərlə yanaşı, beynəlxalq ekspertlərin qiymətləndirmələrində də sabit artım tempinə malikdir.
Rusiya 2026-cı ildə təxminən 200 milyard dollardan artıq hərbi büdcə ilə üçüncü əsas hərbi güc olaraq göstərilib. Müxtəlif mənbələrdə rəqəmlər 149-212 milyard dollar aralığında dəyişsə də, Ukrayna müharibəsinin davam etməsi fonunda real müdafiə xərclərinin yüksək olduğu qeyd olunub. Büdcənin böyük hissəsi silah istehsalı, sursat təminatı və hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldilib. Hindistan 2026-cı ildə təxminən 109 milyard dollar səviyyəsində müdafiə büdcəsi ilə ilk beşlikdə mövqeyini qoruyub. Rəsmi sənədlərdə bu məbləğ təxminən 7.84 rupi kimi göstərilib. Hindistanın artan hərbi xərcləri əsasən Çinlə sərhəd gərginliyi və Pakistanla təhlükəsizlik balansı ilə əlaqələndirilib. Eyni zamanda, yerli müdafiə sənayesinin inkişafı prioritet istiqamətlərdən biridir. Fransa 2026-cı ildə Avropanın əsas hərbi güclərindən biri olaraq təxminən 60-62 milyard dollar (təqribən 57 milyard avro) həcmində müdafiə büdcəsi formalaşdırıb. Son illərdə Paris müdafiə xərclərini mərhələli şəkildə artırır.

Fransa NATO öhdəlikləri çərçivəsində ÜDM-in 2 faizindən çoxunu müdafiəyə ayırmaq siyasətini davam etdirir və nüvə qüvvələrinin modernizasiyasına, hava və dəniz qüvvələrinin yenilənməsinə xüsusi diqqət yetirir. Yaponiya 2026-cı il üçün 55-58 milyard dollar aralığında müdafiə büdcəsi planlaşdırıb. Regional təhlükəsizlik riskləri, xüsusilə Çin və Şimali Koreya ilə bağlı narahatlıqlar Tokionun müdafiə strategiyasına təsir edir. Yaponiya son illərdə müdafiə xərclərini artıraraq öz hərbi imkanlarını genişləndirməyə yönəlib.
Cənubi Koreya 2026-cı ildə təxminən 44-48 milyard dollar səviyyəsində müdafiə büdcəsi ilə diqqət çəkib. Seul Şimali Koreyanın raket proqramları fonunda hava hücumundan müdafiə sistemlərinə və yüksək texnologiyalı silah proqramlarına investisiyanı davam etdirir. Ukrayna isə müharibə şəraitində 2026-cı ildə 45-55 milyard dollar aralığında müdafiə büdcəsi planlaşdırıb. Dövlət büdcəsində müdafiənin payı olduqca yüksəkdir. Bundan əlavə, beynəlxalq hərbi yardım paketləri ölkənin ümumi hərbi potensialının maliyyələşdirilməsində mühüm rol oynayır.

Türkiyə 2026-cı il üçün təxminən 27-30 milyard dollar civarında müdafiə büdcəsi ilə siyahıda yer alıb. Ankara son illərdə yerli müdafiə sənayesinin inkişafına böyük diqqət yetirir və pilotsuz uçuş aparatları, raket sistemləri və dəniz platformalarının istehsalını artırır. Pakistanın 2026-cı il üzrə müdafiə büdcəsi isə təxminən 9-10 milyard dollar səviyyəsində qiymətləndirilib. Regiondakı təhlükəsizlik vəziyyəti və Hindistanla münasibətlər Pakistanın müdafiə xərclərinin sabit saxlanmasına təsir göstərir.
NATO-nun hərbi büdcəsi isə 2 milyard 420 milyon avrodur. 2026-cı ilin hərbi büdcəsi NATO-nun hərbi adaptasiyasına, müttəfiqlər arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına, böhranların qarşısının alınması və idarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Ümumilikdə, 2026-cı il üzrə aparılan təhlil göstərir ki, qlobal hərbi büdcələr artım trayektoriyasını davam etdirir. ABŞ açıq fərqlə lider mövqedə qalır, Çin və Rusiya onu izləyən əsas güclərdir. Avropada Fransa, Asiyada isə Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə regional təhlükəsizlik balansı naminə müdafiə xərclərini artırır. Bu dinamika beynəlxalq münasibətlər sistemində hərbiləşmə meylinin gücləndiyini və dövlətlərin təhlükəsizlik prioritetlərinə daha çox maliyyə ayırdığını göstərir.
Azərbaycan isə 2026‑cı ildə müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 700 milyon manatdan çox vəsait ayırıb.

Bəsti Rəfizadə
Sfera.az
