Şaxta Baba libasında reyd: həbs edilənlər var

Perunun İquitos şəhərində polis əməkdaşları bayram ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirərək, qanunsuz fişəng və digər qadağan olunmuş maddələrin satışına qarşı genişmiqyaslı reydlər həyata keçirib. Maraqlısı budur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu əməliyyatlarda Şaxta Baba geyimlərindən örtük kimi istifadə ediblər.
Sfera.az xəbər verir ki, reydlərdən birində polis 75.285 ədəd III kateqoriyalı fişəng və bir neçə mobil telefonu müsadirə edib. Bu barədə Peru polisi rəsmi Facebook səhifəsində paylaşım edib.
Polis bildirib ki, əməliyyatların əsas məqsədi bayram günlərində uşaqlar və gənclər arasında baş verə biləcək qəzaların qarşısını almaqdır.
Əməliyyat nəticəsində "Los Protegidos del Pirotécnico" adlı cinayətkar qrup zərərsizləşdirilib və dörd nəfər şübhəli şəxs saxlanılıb. Onlar qanunsuz atəşfəşanlıq vasitələrinin alqı-satqısı ilə məşğul olmaqda ittiham olunurlar.
Bundan əlavə, iki gün əvvəl qonşu Punçana rayonunda daha iki cinayətkar dəstə ifşa olunub. Yayımlanan fotolarda qandallı şübhəlilərin Şaxta Baba geyimində və günəş eynəyi taxmış polis əməkdaşlarının yanında dayandığı əks olunub.
Axtarışlar zamanı motosikletlər, mobil telefonlar və 350 qramdan artıq qadağan olunmuş maddə də ələ keçirilib.
Aynil
